Deputat Rafael Cəbrayılov: «Sözlə ehtiyatlı olmaq lazımdır»

00:18 - 28 Dekabr 2016 - SİYASƏT

Son zamanlar bəzi tanınmış insanlar tərəfindən səsləndirilən fikirlər cəmiyyətdə birmənalı qarşılanmır. Onların arasında Milli Məclisin deputatları da var. Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovun bu və digər məsələlərlə bağlı müsahibəsini təqdim edirik:

- Rafael müəllim, son zamanlar bəzi tanınmış insanlar məsuliyyətsiz fikirlər söyləyirlər ki, bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olur. Bu hal təsdiqləyir ki, söz çox kəsərli bir vasitədir. Bu barədə nə deyə bilərsiniz? 
- Tamamilə haqlısınız. Söz müxtəlif nəticələrə gətirib çıxara bilən qeyri-adi, gözlə görünməyən bir vasitədir. Yeri gələndə hətta "dəhşətli silahdır". Qədim yunanlar deyirdi ki, "danış, səni tanıyım". Həzrəti Əli (ə) isə deyirdi: "Hər kəs öz dilinin arxasında gizlənib". Hətta insan özü də Allahın "Ol" sözünün nəticəsində yaranıb. "Qılınc yarası sağalar, söz yarası sağalmaz" kimi atalar sözü olan Azərbaycan xalqının ədəbiyyatında da sözün qüdrəti barədə çox mühüm ədəbi nümunələr var. Dahi Məhəmməd Füzulinin "Söz" rədifli qəzəlini xatırlamaq yerinə düşərdi. Elə "Axırıncı aşırım" filmində sözün kəsəri barədə epizodları yəqin ki, xatırlayırsınız. Dəyərli söz deməyi bacaran Azərbaycan xalqı eyni zamanda haqsız deyilən sözdən də haqlı olaraq hiddətlənir. Cəmiyyətdə tanınmış insanların məsuliyyətsiz ifadələr işlətməsi yolverilməzdir. Ünvan Azərbaycan xalqı olanda isə bu, doğurdan da xalqın qəzəbinə layiq bir hala çevrilir. 
- Deputat olmaq elə bir fəaliyyət sahəsidir ki, sözdən daha çox istifadə olunur və bu söz cəmiyyətdə daha tez yayılır...
- Bağışlayın, sözünüzü kəsirəm. Fikrinizi anladım. Bildiyiniz kimi, hər bir deputatın 40-45 min seçicisi var. Təbii ki, bu, 18 yaşı tamam olmuş seçicilərin sayıdır. 18 yaşı tamam olmayan insanları da bunun üzərinə əlavə etsək, bu rəqəm daha da böyük olar. Bu qədər insanı təmsil etmək çox böyük məsuliyyət tələb edir. Deputat həmin insanların nümayəndəsi, təmsilçisi, qanunverici orqanda "danışan dilidir". Göründüyü kimi insanların bu etimadını doğrultmaq üçün ilk növbədə bu etimadın mənəvi yükünü dərk etmək lazımdır. 
- Rafael müəllim, həmkarlarınız olan bəzi deputatlar cəmiyyətdə bəzi rezonansa səbəb olan məsuliyyətsiz fikirlər söyləyirlər. Yəqin ki, KİV -də izləmisiniz? Bunu necə şərh edərdiniz? 
- Bəli, dediyiniz xəbərləri mən KİV-də izləmişəm. Düşünürəm ki, bu suala əvvəlki suallarınızı cavablandıranda cavab vermişəm; Sözün, dəyəri düşünülmədən deyilən sözün verə biləcəyi xoşagəlməz nəticələri, məsuliyyətsiz şəkildə deyilmiş sözün yolverilməz olması barədə yuxarıda kifayət qədər geniş şərh vermişəm. Cəmiyyətdə tanınmış, ələlxsus məsul dövlət vəzifələrində çalışan insanların bu cür məsuliyyətsizliyini anlamıram. Çox təəssüf edirəm ki, sözün hikmətini anlamayan, söz haqqında deyilən tarixi deyimlərin fərqinə varmayın bəzi insanlar sözlə ehtiyatlı olmağı unudurlar.
 
 

Elməddin

Xəbər xətti