Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlandı

19:59 - 23 Dekabr 2016 - MEDİA

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib.
Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şuranın sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov və Faiq Qurbanov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

                                                       ***
Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, həmçinin, ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırılıblar.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Vüqar Səfərli il ərzində dövlət və cəmiyyət həyatında prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə, jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrıldığını bildirib.
Vüqar Səfərli Fond tərəfindən 2016-cı il ərzində Novruz bay¬ramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 3 dəfə, habelə Nizami və Suraxanı rayon icra hakimiyyətləri, Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, "Azərsu" və "Azərişıq" açıq səhmdar cəmiyyətləri ilə birgə əlavə 7 fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor, ümumilikdə, keçirilmiş 10 müsabiqədə 806 nəfər jurnalistin iştirak etdiyini, onlardan 445 nəfərinin qalib olaraq mükafatlandırıldığını bildirib.
İcraçı direktor Fondun ötən il əsası qoyulmuş ənənəni davam etdirərək 2016-cı ildə keçirilmiş fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş 57 nəfər jurnalistin yazılarını "Sözün zirvəsində" adlı kitabın II cildində nəşr etdirdiyini də diqqətə çatdırıb.
Çıxışını davam etdirən Vüqar Səfərli 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar Fondun avqust ayında Xaçmaz, dekabr ayında İsmayıllı rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini xatırladıb. İcraçı direktor, həmçinin Fondun il ərzində "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələr həyata keçirdiyini qeyd edib.
İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 69 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. V.Səfərli Fondun Müşahidə Şurasının 22 dekabr 2016-cı il tarixli iclasında ekspertlərin yekun balları əsasında 114 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 500, II yerin qaliblərinə 400, III yerin qaliblərinə 300 manat mükafat veriləcək.
Fondun ekspertlərindən - "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onları Fondun keçirdiyi müsabiqələrdə daim fəal iştirak etməyə çağırıb.

Xəbər xətti