Rafael Cəbrayılov : "İslami dəyərlər, yoxsa soyqırım törətmiş vəhşilərlə əməkdaşlıq"

15:48 - 22 Dekabr 2016 - SİYASƏT

"Mən bu səfərin arxasında belə ciddi və sesasion maraqların gizləndiyini düşünmürəm". Bunu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar voicpress-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov deyib. O qeyd edib ki, "Əgər tarixə diqqət yetirsək Azərbaycanın qonşu dövlətlərlə münasibəti bugünki Azərbaycanın coğrafi ərazisinin formalaşmasına da çox böyük təsir edib. 1813-cü il "Gülüstan sülh müqaviləsi", 1828-ci "Türkmənçay" sülh müqaviləsi hansı ki, İranla Rusiya arasında bağlanmış müqavilələrdir. Bu müqavilələr Azərbaycanın bugünki coğrafi ərazisinin formalaşmasında çox mühüm rol oynamışdır. Sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulması, Azərbaycanın SSR-nin tərkibində yaşaması və Azərbaycanın coğrafi ərazisinə təsir edən bir siyasətin yeridilməsi və Qarabağ münaqişəsinin yaranması, Azərbaycanın qonşu dövlətlərinin dostluq münasibətləri adı altında atdığı addımların tarixi nəticəsidir. Belə bir deyim var ki, "Dövlətlərin daimi dostları yoxdur, onların daimi mənafeləri vardır. " Bu baxımdan da hər bir dövlətin şəxsi mənafeyi olduğu üçün, burada hər hansı bir sabit dəyərlərdən, sabit standarlardan danışmaq yersiz olar."

"Əlbəttə ki, hansısa iki dövlət arasında xoşməramlı münasibətlərin olması alqışlanası haldır. Ancaq İran İslam Respublikası ilə Ermənistan arasında əlaqələrin genişlənməsi və inkişaf etdirilməsi məsələsində diqqət ayrılmalı olan vacib məqam Tehranın Yerevanı işğalçı kimi tanıması və təcavüzkarla bütün sahələr üzrə əməkdaşlığı genişləndirməsidir. Düzdür, İran Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə əsasən beynəlxaq təşkilatların toplantısında Yerevanın işğalçı olduğunu qəbul edir."

"Əgər sırf islami dəyərlər tərəfindən yanaşsaq ki, müsəlman -müsəlmana dost, qardaşdır İranın Ermənistanla bu qədər isti münasibəti, Azərbaycanın maraqlarına zidd olsa da Ermənistanın blakadadan çıxarılması, ora qaz verilməsindən tutmuş, Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisi və başqa beynəlxalq münasibətlərdə yardım etməsi, İslami dəyərlərlə uyğunlaşmır. Hətta mən düşünürəm ki, əgər Ermənistan İrana arxalanmasaydı Dağlıq Qarabağ münaqişəsinin həlli daha asan olardı."

Rafael Cəbrayılov deyir ki, " Azərbaycanın qonşu ölkələr ilə mehriban münasibətlərinin qorunub saxlanılmasının daim tərəfdarıyam. Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır. Baxmayaraq ki, Ermənistan Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir, bu səfər İran hökumətinin öz qərarıdır. Və mən bu səfərin arxasında belə ciddi və sesasion maraqların gizləndiyini düşünmürəm. Lakin bir azərbaycanlı kimi məni İran İslam ölkəsinin Ermənistanı dəstəkləməsi qane etmir. "

Xəbər xətti