Azərbaycanın daxili işlərinə kobud müdaxilə

18:22 - 22 Dekabr 2016 - KİVDF

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri M.Qorbaçovun razılığını aldığını bildirdi. Bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları və Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi genişləndi. Vilayətin sosial-iqtisadi və mədəni inkişafının bərbad vəziyətdə olduğu (əslində vəziyət bunun əksi idi) qabardıldı. Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.  

SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərlə birgə təşkil etdiyi cinayət

1987-ci ilin noyabrında Ermənistanın Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edildi. Bunun nəticəsində azərbaycanlılar qaçqına çevrilərək Azərbaycana gəlməyə başladılar. 1988-ci ilin yanvarında artıq ölkəmizdə Ermənistandan qovulan 4 min azərbaycanlı var idi. 1988-ci il fevralın 11-də Xankəndində mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Fevralın 19-dan etibarən İrəvanda başlayan kütləvi mitinqlərin iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürdülər. Bir neçə gün ərzində İrəvanda azərbaycanlılara məxsus tarixi abidələr, mədəniyyət və təhsil ocaqları yandırıldı. Ermənilər buna etirazını bildirən azərbaycanlıların evlərinə də od vurdular. Bu hadisələrin fonunda, fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayəti Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın inzibati ərazi bölgüsünə daxil eilməsi haqqında qərar qəbul etdi. İstər Ermənistanda, istərsə də Dağliq Qarabağda baş verənlər Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Ağdamdan yüzlərlə azərbaycanlı gənc ermənilərin xəyanətkar hərəkatının qarşısını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular. İki nəfərin ölməsi, 19 nəfərin yaralanması faktları da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda SSRİ təhlükəsizlik orqanlarının hazırladığı plan əsasında azərbaycanlılara və ermənilərə qarşı qəsdlər törədildi. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələndi, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut etdi. Beləliklə, "Sumqayıt qırqınları" proqramının icracılarından ən fəalının Eduard Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən on gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdübdü. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. Bir sözlə, ermənilər qanlı terror aktlarını qarşılarına qoyduqları məqsədə catmaq üçün davam etdirirdilər.
Sonralar Levon Ter-Petrosyan öz müsahiblərinin birində, “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi” deyirdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olubdu.( E. Məmmədovun “28-dən 29-na keçən gecə” kitabı).  

Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə 

Ermənilərin həyasızlığı o həddə çatdı ki, 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin növbədənkənar sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək Azərbaycan SSR Ali Sovetinə müraciət edərək buna razılıq verilsini istədi. Azərbaycan SSR Ali Soveti bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. Iyunun 17-20-də Yerevanda Teatr meydanında azğınlaşmış dəstələr avtobuslarla yaxınlıqdakı azərbaycanlılar yaşayan Masis rayonuna və onun kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlı Sovet-Türkiyə sərhədinə toplaşmağa, orda geclələməyə məcbur oldular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralandı. Rayon mərkəzi Massis qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.
1988-ci ilin iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab edildikdən sonra erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər keçirməyə başladılar. Həmin dövrdə Dağlıq Qarabağda da vəziyyət gərgin idi. May ayının 25-dən etibarən Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı.  Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Sentyabr ayının 18-dən 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovdular. Onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.
Eyni vəziyyət Ermənistanda cəryan edirdi. 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiasında olan Ermənistan parlamentinin gizli göstərişinə əsasən, iki həftə ərzində, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovuldu. Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti aldı, on minlərlə ailənin əmlakı qarət olundu.  
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandlırdı və onların təcavüzkarlığını daha da artırdı. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək 1889-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Göründüyü kimi Sovet və Azərbaycan rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı. Sonradan atılan addımlar isə vəziyyəti daha da gərginləşdirdi. 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
 Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 
Ümumiyyətlə, 1988-1991-ci illər ərzində (SSRİ dağılanadək) Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alındı ki, bunların da nəticəsində 514 nəfər həlak oldu, 1318 nəfər yaralandı. 

Pünhan Əfəndiyev

Xəbər xətti