Azərbaycan millisinin rəqibi laləyə görə cərimədən apellyasiya verməyəcək

11:43 - 22 Dekabr 2016 - İDMAN

Şimali İrlandiya Futbol Assosiasiyası (İFA) FİFA tərəfindən verilən cəza ilə bağlı apellyasiya verməyəcək. Bu barədə qurumun iclasında qərar qəbul edilib.

İFA noyabrın 11-də evdə Azərbaycan millisi ilə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup oyununda futbolçuların futbolkalarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan lalənin təsviri ilə çıxmasına dair FİFA ilə danışıqlar apardıqlarını, bununla bağlı qaydalar çərçivəsində nələrə icazənin verildiyini müəyyənləşdirməyə çalışdıqlarını bəyan edib. Bununla belə, yerli federasiyaya ali futbol qurumundan 14 min avro cərimə kəsilib. İFA bu cəriməni ödəyəcək, amma məsələyə aydınlıq gətirmək üçün FİFA prezidentinə məktub yazılacaq.

Qeyd edək ki, FİFA bu əlaməti siyasi rəmz hesab etdiyindən onun idman geyimində əks olunmasına icazə vermir. Ali futbol qurumunun bayrağı altında keçirilən yarışlarda siyasi, dini və kommersiya məqsədli atributlara, eləcə də çıxışlara icazə verilmir.

Xəbər xətti