FED-in son iclasından sonra qlobal birjalar 1 trln. dollar itirib

12:47 - 19 Dekabr 2016 - İQTİSADİYYAT

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) sonuncu iclası sürprizsiz yekunlaşsa da, maliyyə bazarlarına ciddi təsir göstərib: kotirovkaların enişi cari ilin may ayından etibarən ən güclü səviyyədə olub.

Ümumilikdə, FED uçot dərəcəsinin artırılmasını elan etməsindən və tənzimləyicinin rəhbəri Canet Yellenin bəyanatlarından sonra qlobal səhm və istiqraz bazarları 1 trln. dollar itirib.

Təkcə istiqraz bazarının itkiləri 430 mlrd. dollar həcmində dəyərləndirilir. Çinin istiqraz bazarının çökməsi burada az rol oynamayıb.

Maraqlıdır ki, səhm bazarı bu dəfə daha böyük itki ilə üzləşib - nə az, nə çox 525 mlrd. dollar!

Treyderləri qorxudan uçot dərəcəsinin artırılması deyil. Belə ki, FED-in sonuncu iclasında uçot dərəcəsinin 0,25% artırılması ehtimalı 100% idi. Treyderlərin qanını qaraldan gələn il uçot dərəcəsinin 3 dəfə artırılacağı ilə bağlı səslənən bəyanat olub.

Ən maraqlısı odur ki, FED-in iclasından sonra bazarlar Donald Trampın prezident seçkilərindəki qələbəsindən sonra əldə etdiyi artımı tamamilə itirib. Düzdür, ABŞ-ın səhm bazarı istisnadır - bəzi treyderlər hələ də möcüzəyə inanır. Digər tərəfdən, istisna deyil ki, bu insanlar adlarına layiq şəkildə pul qazanır.

 

Belə bir qənaətə gəlmək olar ki, ABŞ-ın səhm bazarını nəzərə almasaq, qlobal istiqraz və fond aktivləri ümumilikdə 1,5 trln. dollar ucuzlaşıb. ABŞ-ın dövlət istiqrazları bazarında da maraqlı mənzərənin şahidi oluruq. Fövqəldövlətin istiqrazlarının gəlirliliyi artmaqda davam edib. Lakin uzunmüddətli qiymətli kağızların gəlirliliyi daha zəif templə artıb.

Ciddi hərəkətlilik bazarın yalnız bu seqmentində müşahidə olunmayıb. Belə ki, valyuta bazarında da ciddi proseslər baş verib. Məsələn, dolların indeksi sürətlə artaraq 14 illik maksimumu yeniləyib.

Xəbər xətti