Səddamla bağlı şok faktlar açıqlandı – ABŞ xəfiyyəsi

11:53 - 19 Dekabr 2016 - DÜNYA

ABŞ Səddam Hüseyn və İraqla bağlı yanlış qərar verib. Axar.az xəbər verir ki, bu sözlər İraqın sabiq lideri Səddam Hüseyni sorğulayan Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Con Niksonun yazdığı kitabla bağlı “İndependent”ə açıqlamasında əksini tapıb. Nikson bir daha Səddam Hüseynin “kimyəvi silahlardan istifadəsi” məsələsinə toxunub:

“ABŞ Səddam Hüseynin sağlamlığı, şəxsi vərdişləri və İraqın idarəsi haqda yanlış məlumatlara sahib idi. Həmçinin onun kimyəvi silahlardan istifadəsi ilə bağlı planlarını Mərkəzi Kəşfiyyat İdarəsi səhv başa düşmüşdü”.

Nikson İraqın işğalına səbəb olan ABŞ Prezidenti Corc Buşu tənqid edib və onun yalnız “eşitmək istədiklərini eşitdiyini” vurğulayıb.

Xəfiyyə kitabında əksini tapan daha bir mühüm məqama toxunub. O bildirib ki, sorğu zamanı Səddam Hüseyndən Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilən amerikalı əsgərlərə qarşı kimyəvi silahlar istifadə etməyi planlayıb-planlamadıqlarını soruşub. Hüseynin cavabı isə bu olub:

“Kimyəvi silahdan dünyaya qarşı istifadə etmək? Hansı ağıllı insan bu addımı atar? Əgər bu silahlardan bizə qarşı istifadə olunmursa, biz niyə istifadə edək?”

Nikson etiraf edib ki, bu cavab onların eşitmək istədiyi cavab deyil.

ABŞ və Britaniya hökumətləri İraqı işğal etmək üçün məhz kütləvi qırğın silahlarının istifadəsindəni bahanə gətirmişdi. Amma kütləvi qırğın silahları haqda olan təsəvvür ABŞ-ın İraq haqda sahib olduğu tək yanlış düşüncə deyildi.

Niksonun sözlərinə görə, Səddam ABŞ-ın İraq daxilində yaratmağa çalışdığı vəziyyət və əhalinin onun özünü süquta aparacağını deyib:

“Bir gün başa düşəcəksiniz ki, İraqı idarə etmək göründüyü qədər asan deyil. ABŞ İraq xalqının dilini, xarakterini bilmir, mədəniyyətini, hətta havasını belə tanımır”.

Qeyd edək ki, yenicə çap olunan və böyük media qurumlarının geniş yer ayırdığı “Prezidenti dindirmə: Səddam Hüseynin sorğu-sualı” (Debriefing The President: The Interrogation Of Saddam Hussein) adlı kitab 29 dekabrda satışa çıxacaq.

Xəbər xətti