Bu gün Premyer Liqada 2016-cı ilin son turu keçirilir

14:00 - 17 Dekabr 2016 - İDMAN

Bu gün Topaz Premyer Liqasında 2016-cı ilin son turu keçiriləcək. Qol.az-ın məlumatına görə, II dövrənin yekun turunun qarşılaşmaları eyni gündə baş tutacaq.  Günün ilk oyunu Qəbələdə keçiriləcək. Eyniadlı komanda “Kəpəz”i qəbul edəcək. Həftəarası kubokda AZAL üzərində doğma divarlar arasında çətin qələbə qazanan Roman Qriqoruçukun komandası bu dəfə də 3 xalı hədəfəyir. Çünki lider “Qarabağ”ı “İnter”lə çətin oyun gözləyir ki, bu halda “Qəbələ” ili lider kimi bitirməyə ümid edə bilər. 
“Sumqayıt” doğma divarlar arasında “Zirə”ni qəbul edəcək. Bu görüşü kubokda fiaskoya uğrayan komandaların dueli kimi də qeyd etmək mümkündür. Hər iki komanda artıq kubokda heç nəyə ümid etmir və bütün diqqətini çempionata yönəldib. “Kəpəz” Qəbələdə xal qazanmasa, Sumqayıtda qalib gələn tərəf fasiləyə dördüncü pillədə yollanacaq. 

Hələ də qələbə üzünə həsrət qalan AZAL “Neftçi”nin qonağı olacaq. 

İlin son, turun isə mərkəzi görüşü Suraxanıda keçiriləcək. İlk dövrədə “Qarabağ”a qalib gələn “İnter” bu dəfə də ən azı 1 xalı hədəfləyir. Lakin bu, Svanadzenin komandasına heç də asan başa gəlməyəcək. Çünki Ağdam klubu ili qələbə ilə başa vurmağı, liderliyini qorumaq əzmindədir. 


17 dekabr

Topaz Premyer Liqası

XIV tur

14:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

16:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"

16:00. "Neftçi" - AZAL
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Dalğa Arena"

17:00. "Qarabağ" - "İnter"
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
"Azersun Arena” 

Xəbər xətti