Milli Məclis 2017-ci il dövlət büdcəsi layihəsini qəbul etdi

12:48 - 16 Dekabr 2016 - İQTİSADİYYAT

Milli Məclis bu gün keçirilən plenar iclasında 2017-ci il üçün dövlət büdcə layihəsini təsdiqləyib. Gələn il üçün büdcənin gəlirləri 16 255 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər – 15 634 706 min manat, yerli gəlirlər – 620 294 manat), xərcləri isə 16,9 milyard manat (o cümlədən mərkəzləşdirilmiş xərclər – 16 211 286 min manat, yerli xərclər – 688 714 manat) nəzərdə tutulur.
2017-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 645 milyon manat, yəni ÜDM-in 1,05 faizi həcmində nəzərdə tutulur. Büdcə kəsirinin örtülməsi özəlləşdirmər, daxili və xarici borclanma, xarici qrantlar və 2017-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinəsində qalıq hesabına nəzərdə tutulur.
Dövlət büdcəsinin gəlirləri Vergilər Nazirliyindən (7,51 milyard manat), Dövlət Gömrük Komitəsindən (2,2 milyard), Əmlak Məsələləri Dövlət Komitəsindən (8 milyon manat) daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətləri (353 milyon manat), Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert (6,1 milyard manat) və digər mənbələr hesabına formalaşdırılacaq.

Gələn il üçün dövlət büdcəsinin xərcləri aşağıdakı kimi formalaşdırılacaq: müdafiə (2,8 milyard manat), elm (118,5 milyon manat), təhsil (1 733,4 milyon manat), səhiyyə (745,4 milyon manat), sosial müdafiə və sosial təminat (2 053,1 milyon manat) və digər xərclər.

İcmal büdcənin gəlirləri 20,02 milyard manat, xərcləri isə 21,267 milyard manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi hesab olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3,4 milyard manat, Naxçıvan Muxtar Respublikasının gəlirləri 348,4 milyon manat, Dövlət Neft Fondunun gəlirləri isə 8 370,6 milyon manat proqnozlaşdırılır.İcmal büdcənin kəsiri 1 246,5 milyon manat nəzərdə tutulur.
2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub.trend

Xəbər xətti