Naxçıvan Ali Məclisinin Aparat rəhbəri: “Bəzi elmi işçilər bu müzakirələrin nə üçün aparıldığını hələ də başa düşməyiblər”

11:10 - 16 Dekabr 2016 - ÖLKƏ İÇİ

"Nə üçün heç bir xidməti olmayanların şəcərə tarixlərinə bu qədər diqqət və vaxt ayrılır?"

"Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi işinin daha məhsuldar olması üçün ciddi elmi istiqamətlər və nəşr planları müəyyənləşdirməli, elmi tədqiqatlar şöbə və institutların, eləcə də Rəyasət Heyətinin nəzarətində aparılmalı, işə davamlı və sistemli xarakter verilməlidir".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Bölmənin illik hesabat konfransında deyib.

Əli Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, onun institutlarının və digər tabeli qurumlarının fəaliyyəti ilə bağlı aparılan müzakirələr zamanı məlum olub ki, bölmədə kadrların seçilməsi və yerləşdirilməsi işinə tələbkar yanaşılmayıb, ştatların əksəriyyəti boş qalıb: "Bunun nəticəsində bəzi şöbələr tam komplektləşdirilməmiş, Muxtar Respublika üçün vacib olan bir sıra istiqamətlər üzrə – memarlıq, şəhərsalma, abidələrin bərpası, toponimika, filiz yataqları, mineral sular və hidrogeologiya ilə bağlı tədqiqatlar aparılmayıb, təkliflər verilməyib. İnstitut və digər tabe qurumların fəaliyyətinə nəzarət düzgün təşkil edilməyib. Müzakirələr zamanı bir daha aydın olub ki, elmi şuraların iclasları əksər hallarda formal xarakter daşıyıb, aktual məsələlər müzakirəyə çıxarılmayıb, şöbələrin elmi fəaliyyətlərinə lazımi tələbkarlıq göstərilməyib. Bir sözlə, elmin inkişafı üçün imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə edilməyib".

O vurğulayıb ki, AMEA-nın Naxçıvan Bölməsi müvafiq tədqiqat və elmi nəticələr ilə Muxtar Respublikadakı inkişafa da öz töhfəsini verə və elmin təcrübəyə tətbiqi sahəsində əməli fəaliyyət göstərə bilməyib. Aparat rəhbəri qeyd edib ki, akademiyanın Naxçıvan Bölməsində iqtisadi təhlillər aparılmayıb, Muxtar Respublikanın iqtisadi uğurlarını əks etdirən elmi nəşrlər hazırlanmayıb: "Elmi işlərin təşkili və aparılması üçün də tələbkar mühit yaradılmayıb, Muxtar Respublikanın elmi və kadr potensialından, eləcə də bu işin əlaqələndirilməsi imkanından lazımi səviyyədə istifadə edilməyib. Müzakirələrdən ötən dövr göstərir ki, bəzi elmi işçilər bu müzakirələrin nə üçün aparıldığını hələ də başa düşməyiblər. Hələ də aydın deyil ki, nə üçün toponimikamız, tarixi coğrafiyamız və şəxsiyyətlərimiz öyrənilməli olduğu halda, heç bir xidməti olmayanların şəcərə tarixlərinə bu qədər diqqət və vaxt ayrılır? Bəri başdan deyək ki, bu kimi “təşəbbüslər” elmə xidmət etmir".

Ali Məclisin Aparat rəhbəri deyib ki, fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışmaq, Muxtar Respublikanın elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək, gənc kadrlarla işi gücləndirmək lazımdır: "Muxtar Respublikanın sosial-iqtisadi inkişafı elmi və ətraflı təhlilini tapmalı, təbii və mənəvi dəyərlərimiz, xalq yaradıcılığı, etnomühit dərindən araşdırılmalı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Muxtar Respublikanın aidiyyəti nazirlikləri ilə əlaqəsi daha da gücləndirilməlidir".

Xəbər xətti