Vladimir Putin: “Yaponiya ilə sülh müqaviləsi imzalamağımız mümkündür”

11:05 - 16 Dekabr 2016 - SİYASƏT

”Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yaponiyada rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin bildirib.

Sindzo Abe isə qeyd edib ki, Moskva və Tokio birgə fəaliyyət planını konkretləşdirib.

Məlumata görə, bu gün Rusiya-Yaponiya iş adamlarının forumu keçiriləcək. Həmin tədbirin sonunda 50-yə yaxın sənəd imzalanacaq.

Xatırladaq ki, rəsmi Tokio sülh müqaviləsinin bağlanması üçün Ruisya ərazisi sayılan Kuril adalarının cənubunda yerləşən İturup, Kunaşir, Şikotan və Xabomai adalarının Yaponiyaya qaytarılması şərtini irəli sürür. Bu məsələdə rəsmi Tokio 1855-ci ildə iki ölkə arasında imzalanan “Ticarət və sərhəd məsələləri haqda razılaşma”nı əsas götürür.

Rusiya isə bildirir ki, Kurilin cənubundakı bu adalar II Dünya müharibəsinin nəticələrinə əsasən, keçmiş SSRİ-yə verilib. Moskva bu baxımdan həmin ərazilər üzərində beynəlxalq hüquqa uyğun olaraq suverenliyə malikdir.

Qeyd edək ki, II Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında qeyd etdiyimiz adlara görə, sülh müqaviləsi imzalanmayıb.

Xəbər xətti