Ermənistanda separatçı qüvvələr Dağlıq Qarabağ haqqında olan köhnə ədavəti yenidən qaldırdı

18:46 - 13 Dekabr 2016 - KİVDF

Ölkədə millətlərarası ədavətlər qazanını qızdırmaq siyasətini M.Qorbaçova ötürənlər  Amerika rəsmiləri olub

XX əsrdə SSRİ məkanında milli-etnik və sosial-siyasi münaqişələr 1986-cı ilin dekabr ayında Qazaxıstanın Alma-Ata şəhərində başlanmış qanlı münaqişənin dalğası zəncirvari olaraq keçmiş SSRİ-ni bürüməyə başladı. Ermənistan- Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevral ayında Ermənistanda separatçı, millətçi, terrorçu qüvvələr Dağlıq Qarabağ haqqında olan köhnə ədavəti yenidən qaldırmağa başladılar. Azərbaycan ərazisində tarixən diaspor (gəlmə) olan ermənilərin burada ta qədimdən aborigen (yerli, ev sahibi) olan azərbaycanlıların dədə-baba torpaqlarını-Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilmə istəkləri yeni fikir deyildir. Ermənilər bu məsələni dəfələrlə SSRİ rəhbərləri səviyyəsinə qaldırmış, lakin hər dəfə də uğursuzluğa düçar olmuşlar. Hələ 1943-cü ildə İranda Tehran konfransında iştirak edən İiosif Stalinə ermənilər bu məsələ barədə yazılı müraciət etmişlər. Onların müraciəti Moskvada yuxarı dairələrdə müzakirə edildikdən sonra rədd edilmişdir. Məlum olduğu kimi, Böyük Vətən müharibəsi qurtardıqdan sonra, 1945-ci ilin noyabr ayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Harutyunov İosif Stalinə məktub yazaraq növbəti dəfə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsini xahiş etmişdir. İ.Stalin həmin məktubu Georgi Malenkova, o da məktuba münasibət bildirmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova göndərmişdir. M.C.Bağırov məktuba cavab olaraq bildirmişdir ki, Azərbaycan o zaman etiraz etməzdi ki, həm əhalisinin əksəriyyəti azərbaycanlılardan olan Şuşa rayonu və həm də Ermənistan SSR, Gürcüstan SSR, Dağıstan MSSR-də əhalisinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycan SSR-lə həmsərhəd yerləşən və tarixən Azərbaycan torpaqları olan digər ərazilər onun özünə qaytarılsın. M.C.Bağırovun bu qətiyyətli və məntiqli cavabı məsələnin gündəlikdən çıxarılmasını qaçılmaz etmişdir. Bununla belə hiyləgər ermənilər zahirən sussalar da, daxilən susmamışlar. 1953-cü ildə İosif Stalinin vəfatından sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşov oldu. O, öz səlahiyyətlərindən istifadə edərək Krım Vilayətini Rusiya Federasiyasından ayırıb Ukrayna Respublikasına qatmağa nail oldu. 1964-cü ildə erməni separatçı, millətçi daşnakların dədəsi Anastas Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçildi. O, tutduğu yüksək vəzifəsidən istifadə edərək, Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsini N.Xruşşovdan xahiş etdi. A.Mikoyanın xahişinə cavab olaraq N.Xruşşov belə demişdir: Mən hazıram ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilərini bir sutka ərzində Ermənistan SSR-ə köçürmək və onları birdəfəlik xilas etmək üçün 12 min hərbi yük maşını verim. Bu dəfə də ermənilərin istəyi baş tutmadı. Lakin ermənilər bununla da susmadı. Necə deyiblər: "İlan dərisini dəyişir, amma əqidəsini dəyişmir". Erməni başbilənləri növbəti fürsəti gözləməli oldular. Dediyimiz kimi, XX əsrin ikinci yarısında Amerika siyasətində başlıca məsələ SSRİ dövlətinin parçalanması olmuşdur. O da məlumdur ki, SSRİ-nin dağıdılmasının reseptini- çoxmillətli ölkədə millətlərarası ədavətlər qazanını qızdırmaq siyasətini M.Qorbaçova ötürənlər də Amerika rəsmiləri olmuşdur. Amerikanın Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst yanaşmasını aşkar edən rəsmi sənədlər bu gün artıq üzə çıxmışdır. Həmin sənədlərlərdən birisi ilə tanış olaq. Amerika Konqresinin senator qrupunun Mixail Qorbaçova müraciəti "Cənab Prezident, son 6 gün ərzində azərbaycanlı təşkilli qruplar tərəfindən Bakı şəhərində erməni əhalisinə qarşı tətbiq olunan ölüm hadisələrindən, zorlanmalar, həmçinin onların əşyalarının qarət edilməsindən biz dərin təşviş hissi keçiririk. Orada ölənlərin 60-ı və yaralananların 156-sı ermənidir. Bundan əlavə, son hadisələr nəticəsində 4000 erməni qaçqın düşmüşdür. Azərbaycana göndərilmiş sovet zabitləri hadisələri vətəndaş müharibəsi kimi xarakterizə edirlər. Biz Sizdən xahiş edirik ki, o regionda azlıq təşkil edən ermənilərin öldürülməsinə və başqa zərər çəkməsinə son qoymaq üçün tədbirlər görəsiniz. Biz inanırıq ki, Siz Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycandakı təhlükəli partlayış dübarə göstərir ki, Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistana qatılması vacibdir. 70 il ərzində Azərbaycan hakimiyyəti ancaq regionda yaşayanların mədəni hüquqlarını, həmçinin Dağlıq Qarabağ ermənilərinin, hansılar ki region əhalisinin 80 faizini təşkil edir, iqtisadiyyatını məhdudlaşdırmışlar. Beləliklə, biz təkidlə xahiş edirik ki, baş vermiş faciəni, Qarabağ xalqına gələcək siyasi və mədəni yolunu seçib Sovet dövləti çərçivəsində qalmasını həll edəsiniz". 18 yanvar 1990 –ci il. İmzxa atanlar: Pit Uilson, Pol Seymaq, Lerri Breksler, Con Keri, Kleyborn Pell. 
19 yanvar 1990-cı ildə isə Moskvada SSRİ Xarici İşlər naziri Eduard Şevardnadze ilə Amerika Senatının xarici işlər üzrə komissiya sədri K.Pellin görüşü olmuşdur. Söhbət zamanı K.Pell demişdir ki, Sovet rəhbərləri azərbaycanlılara gələcəkdə ermənilərin Qarabağ üzərində nəzarət etmələrinə imkan verməməlidir. "Mən azərbaycanlıların qəddarlığına və SSRİ-dəki ermənilərin talan edilməsinə görə dərindən sarsılmışam və məyus olmuşam. Sovet rəhbərləri ermənilərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməyə borcludur. (....). Sovet hökuməti həm də borcludur ki, Dağlıq Qarabağı Azərbaycandan ayırsın". Beləliklə, 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin növbədənkənar plenumunda Mixail Qorbaçovun Mərkəzi Komitənin Baş Katibi vəzifəsinə seçilməsi erməni separatçı, millətçi, terrorçu qüvvələrin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq üçün geniş imkanlar açdı. Əvvəla, M.Qorbaçov özü əzəldən ermənipərəst və ermənitərəf bir şəxs idi. İkincisi, onun ortaya atdığı yenidənqurma, aşkarlıq siyasəti ermənilərə baş qaldırmaq üçün bir siqnal oldu. Üçüncüsu, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm xarici qüvvələrin, həm də M.Qorbaçovun SSRİ-ni dağıtmaq siyasətinə xidmət edirdi. M.Qorbaçovun siyasi və iqtisadi məsələlər üzrə məsləhətçiləri ermənilər-Georgi Şaxnazaryan və Abel Aqanbekyan idilər. Georgi Şaxnazaryan Dağliq Qarabağ uğrunda mübarizəyə qalxan separatçı və millətçi ermənilərin təblığatçıları və təşkilatçıları olan Zori Balayanı və Silva Kaputikyanı tez-tez M.Qorbaçovla görüşdürürdü və nəticədə onların antiazərbaycan fikirlərini ona çatdırmağa nail olurdu. Abel Aqanbekyan isə xarici ölkələrə səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsi haqda M.Qorbaçovla məsləhətləşmələrini xaricdə yaşayan ermənilərə çatdırmaqla, onları bu prosesə cəlb etməyə çalışırdı. Məlum olduğu kimi, M.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi A. Aqanbekyan hələ 1987-ci ilin noyabr ayında Fransanın Paris şəhərində olmuş, Erməni-Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyasının onun şərəfinə təşkil etdikləri qəbulda çıxış ederək bəyanat vermişdir:"Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun. Ora Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır" 

Həsən Sadıqov
(ardı var)

Xəbər xətti