Əli Əmirlinin əsəri Kalmık teatrında

12:48 - 13 Dekabr 2016 - Mədəniyyət

 Dekabrın 16 və 17-də  Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin  Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşanın premyerası olacaqdır. Dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında   qələmə almışdır.
 Janrını "tale dramı" kimi müəyyən etdiyi əsərdə dramaturq Don sahilində, ucsuz-bucaqsız Kalmık çölündə azad və firavan yaşayan qədim bir xalqın Oktyabr inqilabından  əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin  timsalında əks etdirmişdir.  
Atçılıqla məşğul olan varlı sahibkarın ərköyün qızı Zalamcanın dramatik həyatı,  çətin sınaqlara məruz qalan və  bu sınaqlardan mənəvi qələbə ilə çıxan məhəbbəti əsərin əsas süjet xəttini təşkil edir. 
Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın qurluşçu rejissoru Azərbaycanın və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət  xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru  Bəhram Osmanovdur.
Onu da deyək ki,  görkəmli rejissor "Zalamca"dan əvvəl  2014-cü ildə həmin teatrda Əli Əmirlinin "Sevən qadın" əsərini rus dilində tamaşaya qoymuşdu. 

Xəbər xətti