Ronaldo 2017-ci ildə də "Qızıl topu" qazanmaq niyyətindədir

10:49 - 13 Dekabr 2016 - İDMAN

"Bu, mənim işimdir. Həmişə ən yaxşı olmağa çalışıram". Bu fikirləri 4-cü dəfə "Qızıl top" mükafatına sahib olan portuqaliyalı futbolçu Kriştiano Ronaldo bildirib. "Real Madrid"in və Portuqaliya yığmasının 31 yaşlı hücumçusu səsvermənin yekununa əsasən, bu il dünyanın ən yaxşı futbolçusu seçilib. O bildirib ki, bu nailiyyət yalnız komanda hesabına mümkündür. Futbolçunun sözlərinə görə, o, şəxsi uğuru naminə çox şeyi qurban verib:

"Ancaq mənim üçün əsas komanda və onun titullarıdır. "Real Madrid"lə Portuqaliya millisi qalib gəlmirsə, onda mən də qələbə qazanmıram. Buna görə komanda mənin üçün birinci növbədədir".

Ronaldo "Qızıl top"u 4-cü dəfə qazanmasının onun üçün böyük şərəf olduğunu söyləyib:

"İlk dəfə mükafatı qazandığım zaman keçirdiyim hissləri indi də hiss edirəm. Arzum yenidən gerçək oldu. Mən heç vaxt təsəvvür etmirdim ki, bu mükafatı 4-cü dəfə qazanacağam. Klubda və yığmada komanda yoldaşlarıma minnətdaram. Mən çox qürurlu və xoşbəxtəm".

Futbolçu bu mükafatı 2017-ci ildə qazanmaq üçün də əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Ronaldo ilk dəfə "Qızıl top"u 2008-ci ildə qazanıb.

Xəbər xətti