"Xocalını unutmayacağıq, unutdurmayacağıq"

18:40 - 12 Dekabr 2016 - KİVDF

Qaradağlı kəndində baş verənlər ermənilərin Xocalıda törətdikləri vəhşiliyə hazırlıq idi

Azərbaycanlılara qarşı soyqırımı sonrakı illərdə də davam etdi. 1992-ci il fevralın 13-dən 17-dək ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atıldı, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürüldü ki, sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirildi. Azərbaycanlılara qarşı bir soyqrımı həyata keçirildi. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri yandırmışdılar. Qaradağlı kəndində baş verənlər ermənilərin Xocalıda törətdikləri vəhşiliyə hazırlıq idi. Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi erməniləri narahat edirdi. Çünki, Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Ermənilər buna çoxdan hazırlaşmışdı. SSRI erməniləri 5 il əvvəldən silahlandırmağa başlamışdı. 1984-cü ildə Stepanakertdə yalnız bir hərbi hissənin dislokasiyası vardı, bu da kimya batalyonu idi, amma bu hərbi hissədə şəxsi heyət yox idi. Konservasiya üçün orada dayanan bir neçə hərbi texnika vardı. Sonradan Gəncədə yerləşən 23-cü motoatıcı diviziyadan 366-cı məhdud tərkibli alay ayrılaraq Stepanakertdə yerləşdirildi. İsa Sadıqovun sözlərinə görə, hərbi hissənin bu yerdəyişməsinə 4-cü ordunun qərargah rəisi, general leytenant Aslanyan rəhbərlik edirdi. Tədricən bu alayın döyüş texnikası da zənginləşdirildi, ora tanklar, BMP-lər, artilleriya qurğuları verildi. Beləliklə, münaqişənin başlandığı zamana qədər artıq ermənilərin nəzarətində tam təchiz edilmiş 366-cı alay vardı ki, bu hərbi hissə bütün münaqişə boyu ermənilər tərəfdən iştirak etdi. Orada 160-dan artıq texnika - tanklar, BMP-lər, artilleriya qurğuları vardı. Baxmayaraq ki, Köçəryan onların əlində yalnız Azərbaycandan alınmış 9 tankın olduğu haqda danışır, amma o, tamamilə yalan deyirdi. Bu alay sonradan azərbaycanlılara qarşı istifadə edildi. 
Beləliklə, Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayın dəstəyilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Bu zaman istifadəsi qadağan olmuş 5,45 mm çaplı güllələrdən və kimyəvi silahdan istifadə edildi. Xocalı şəhərinə hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb.Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.
Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. 
Bu bir soyqırım idi. Ermənistan prezidenti də dinc sakinlərin qırğınını açıq-aydın təstiqləyir. Tanınmış jurnalis Tomas de Vaal Xocalı soyqrımı ilə bağlı yazıb: “Mən özüm dolayısı ilə Xocalı faciəsi ilə bağlı olmuşam. 2000-ci ilin dekabr ayında mən Qarabağ münaqişəsi haqqında kitabım (sonradan mən həmin kitabı “Qara bağ” adlandırdım) üçün material toplayarkən Ermənistanın indiki prezidenti, o vaxt müdafiə naziri vəzifəsini tutan Serj Sarqsyandan müsahibə aldım. Mən ondan Xocalı hadisələri barədə soruşanda cavabı belə oldu ki, burada “çox şey şişirdilmişdir”, lakin dinc azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi faktını inkar etmədi. O dedi: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşdirdilər ki, onlar bizimlə sadəcə zarafat edirlər. Azərbaycanlılar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Bütün bunlara son qoymaq lazım idi. Xocalı hadisələri barədə müsahibə verməyi məndən hər il xahiş edirlər, lakin mən imtina edirəm. Mənə belə gəlir ki, qırğını “təhlil etmək” düzgün deyil ”. Jurnalist dinc sakinlərin hansı səbəbdən öldürülməsini soruşanda S.Sarusyan belə cavab verib: “Bilirsinizmi, belə şeylər haqqında bərkdən danışmazlar. Nə mümkündürsə, onu deyərlər. Mən də belə edəcəyəm...
Hər halda, Xocalı bir vaxt bütün Qarabağı təngə gətirmişdi, çünki orada aeroport vardı, çünki Ermənistanla bizim yeganə əlaqəmiz hava nəqliyyatı idi, çünki orada OMON vardı, çünki orada hər yeri ələk-vələk edir, adamların çoxunu həbs edirdilər. Bundan əlavə, onlar Stepanakertin lap yaxınlığında olduğundan, onu atəşə tutmağı özlərinə rəva görürdülər”... 
Göründüyü kimi Xocalı soyqırımında əsas canilərdən biri Serj Sarqsyandı.
Erməni qəddarlığını sübut edən faktlar dünyada da geniş rezonans yaratdı. Rusiyanın “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbiçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapdı: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla subut edən Rüsiyanın «Memorial» Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınıb. Bundan əlavə, Fransanın “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqinda deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. Bəli, bu reallıqdı. 
Pünhan Əfəndiyev
(ardı var)

 

Xəbər xətti