“Kaspi” qəzetinin 135 illiyi qeyd edilib

Bu gün Bakıda “Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub. Daha sonra tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb.
Trend-in məlumatına görə, S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir: “Tarixi “Kaspi” qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybay bizlərə çatdırmağa nail olmuşdu. “Kaspi”də fəaliyyəti ilə qəzetə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olmuşdu.
1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla “Əkinçi” işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətlə qəzet açmaq təşəbbüsü dəyərləndirilir, qısa bir müddətdə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzetin “Çıraq” adı ilə Azərbaycan dilində əlavəsinin çıxması ideyasına isə “yox” cavabı verilir. Beləliklə, “Kaspi” yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçdi. Bu tarix həm də millətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyüklü proseslərdə “Kaspi” qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtanlara məruz qalsalar da, əqidə sadiqliyi göstərərək, həqiqətə və azadlığa doğru irəliləyərək istiqlal mücadiləsindən dönmədilər. Bu yolun yolçularını vahid əqidə birləşdirirdi – milli mücadilə, milli istiqlal”.
S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə “Kaspi”də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar:
“Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi. “Kaspi” 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub. Tarixdə iz qoymuş “Kaspi” bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz “Kaspi”çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq”.
S.Vəliyeva vurğulayıb ki, müasir “Kaspi” qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb:
"Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalaşmış, yeni qəzetçilik ənənəsi yaranmışdı. Ölkəmizdə müstəqilliyin əldə olunduğu ilk illərdən başlayaraq yaranan müstəqil mətbuat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni məzmun alaraq sürətlə inkişaf etməyə başladı. O, söz, fikir, mətbuat azadlığının inkişafını dövlətin demokratik inkişafının əsas istiqaməti kimi qəbul edərək, mətbuatın daha da sürətlə inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra sərəncam və fərmanlar imzalamışdı”.
S.Vəliyeva bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi:
““Kaspi” media etikasına daim sadiq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirdi. Qəzet, sələfinin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın olduğunu sübut etdi. Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. Qəzetimiz həftənin cümə axşamı "Teatr”, cümə "Gənclik qəzeti”, şənbə günləri isə "Ədəbiyyat” əlavəsi ilə nəşr olunur”.
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, “Kaspi” qəzetinin nümunəsində Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolunu bir daha görür və milli mətbuatımızla qürur duyuruq.
V.Əliyev bildirib ki, o zaman rus dilində nəşr olunan “Kaspi” qəzeti dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib:
““Kaspi” qəzeti o zaman Azərbaycan xalqının adət-ənənələrini təbliğ edən, cəmiyyətin aktual məsələlərini ictimai müzakirəyə çıxaran, tanınmış maarifçilərin, mütəfəkkirlərin fikirlərini xalq arasında yayan nəşr kimi bütövükdə cəmiyyətin maariflənməsinə, milli təfəkkürün formalaşmasına mühüm töhfələr verib”.
V.Əliyev qeyd edib ki, bolşevik işğalından sonra Azərbaycanda milli mətbuat faktiki olaraq fəaliyyətini dayandırmışdı:
“Yeni yaradılan mətbuat isə Azərbaycanda senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qaldı. 1990-cı ilin əvvəllərində Azərbaycanda milli müstəqilliyin bərpa olunması həm də Azərbaycan milli mətbuatının qarşısında yeni üfüqlər açdı, onun öz tarixi köklərinə, prinsiplərinə qayıtması üçün şərait yarandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması və Azərabaycanda başlanan demokratik islahatlar və bunun tərkib hissəsi kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə yüksəlməsini təmin etdi”.

 PA rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən ümumilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş “Kaspi” qəzetinin inkişafına çox əlverişli şərait yaratmışdı:
 ““Kaspi” adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 135 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Elə buna görədir ki, fəaliyyətinin bərpa edilməsinin ilk günündən “Kaspi” qəzeti cəmiyyətdə milli təəssübkeşliyin nümunəsini təqdim etməyi, onun informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmışdı. “Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.
 Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir:
 ““Kaspi” qəzeti öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, həmin vaxt xalqın problemlərini gündəmə gətirdi. Bu gün də “Kaspi” qəzeti cəmiyyətimizin informasiya təminatında mühüm rol oynayr”.
 Daha sonra “Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

Tarix
9 Dekabr [22:55]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

Jurnalistlərə mənzillərin verilməsi üçün tələb olunan kriteriyalar açıqlanıb

Jurnalistləri üçün tikilən binanın istifadəyə veriləcəyi tarix açıqlandı

Əflatun Amaşovdan Mariya Zaxarovaya etiraz: "Mariya Zaxarova yaxşı bilir ki, ..."

Nazir Mətbuat Şurasının sədrinə “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim edib

Fondun təşkilatçılığı ilə Lənkəran şəhərində regional konfrans keçirilib

MŞ İdarə Heyətinin üzvü olan deputat Belçikada səfərdədir

Şöhrət ordenli veteran jurnalist Mətbuat Şurasında olub

Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.