Ana səhifə
24 İyun 2017

Fondun təşkilatçılığı ilə İsmayıllı rayonunda regional konfrans keçirilib

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, bölgə üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ulu öndərin xatirəsinə həsr olunmuş foto və rəsm sərgisi, habelə Beynəlxalq Mültikulturalizm Mərkəzinin İsmayıllı filialının fəaliyyəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransı giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin multikulturalizm sahəsində mühüm uğurlar əldə etdiyini bildirərək bu siyasətin son 13 ildə inamla davam etdirildiyini vurğulayıb. Vüqar Səfərli qeyd edib ki, Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi respublikamızda bu sahədə qazanılmış nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. 
Azərbaycanda əsrlər boyu tolerant və multikultural mühitin formalaşdığını deyən Vüqar Səfərli bunun nəticəsi olaraq hazırda müxtəlif etnik və dini icmaların nümayəndələrinin mehriban, dinc və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib. İcraçı direktor ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin beynəlxalq miqyasda mütərəqqi model kimi qəbul olunduğunu və təqdir edildiyini vurğulayıb. Vüqar Səfərli bildirib ki, son illərdə ölkəmizdə təşkil olunan beynəlxalq idman yarışları, iqtisadi və humanitar forumlar, çoxsaylı mədəni tədbirlər Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların qlobal miqyasda təbliğinə imkan yaradır. İcraçı direktor bir müddət əvvəl Bakıda keçirilmiş Dünya Xəbər Agentilklərinin V Konqresinin də bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.
2016-cı il ərzində multikulturalizm mövzusuna Fond tərəfindən xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu mövzuda iki fərdi jurnalist yazıları müsabiqəsinin təşkil edildiyini, eyni zamanda Xaçmaz şəhərində regional konfransın keçirildiyini bildirib. O, növbəti konfransın İsmayıllı şəhərində keçirilməsini rayonun dini-milli tolerantlıq və multikulturalizm sahəsindəki mühüm uğurları ilə izah edib. 
İsmayıllının ildən-ilə inkişaf etdiyini, müasirləşdiyini qeyd edən icraçı direktor mültikulturalizm sahəsində əldə olunan uğurlar barədə məlumat vermək üçün sözü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova verib. 
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq multikulturalizm ili çərçivəsində Fond tərəfindən belə bir tədbirin təşkilinin rayonun dini-milli tolerantlıq və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. İcra hakimiyyətinin başçısı rayonun bu sahədə mühüm uğurlara imza atdığını, burada 8 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını, etnik zəmində hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayıb. 
Ölkə rəhbərliyinin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahiblik etdiyini,  regionun aparıcı ölkəsinə çevrildiyini, habelə qlobal böhran şəraitində inkişaf etdiyini deyən Mirdaməd Sadıqov bu siyasətin İsmayıllıda yaşayan azsaylı xalqların nümayəndələri tərəfindən də dəstəkləndiyini vurğulayıb. İcra hakimiyyətinin başçısı rayonda həyata keçirilən sosial-iqtisadi, mədəni layihələr, abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verib.  
M.Sadıqov millətlərarası münasibətlərin inkişafında, eləcə də multikultural dəyərlərin təşviqində kütləvi informasiya vasitələrinin rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə media qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəki xidmətlərini xüsusi vurğulayıb. 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı "Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda çıxışında Avropa ölkələrində etnik-milli dözümsüzlük və islamafobiya meyillərinin gücləndiyi bir şəraitdə ölkəmizdəki mövcud analoji mühiti dünya üçün nümunə adlandırıb. Azərbaycanın bu sahədəki zəngin ənənələrini diqqətə çəkən Müzəffər Talıblı respublikamızın multikulturalizmi təşviq edən beynəlxalq saziş və konvensiyalara qoşulduğunu bildirib. Son illər bu sahədə həyata keçirilən dövlət siyasətindən söz açan Müzəffər Talıblı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, habelə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin yaradılmasını və fəaliyyətini xüsusilə qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" mövzusunda məruzəsində bildirib ki, xalqımızın etnik xüsusiyyətləri, adət-ənənələri, ideologiyası və ölkənin əlverişli coğrafi mövqeyi Azərbaycanda tarixən tolerant və multikultural mühitin formalaşmasını təmin edib. O bildirib ki, azərbaycanlılar digər xalqların nümayəndələrinə etnik mənsubiyyətinə görə deyil, mənəvi-əxlaqi və insani keyfiyyətlərinə görə yüksək dəyər veriblər. Komitə sədrinin müavini ölkəmizdəki tolerant və multikultural mühitin siyasi, ideoloji və ictimai təhlükəsizlik baxımından üstünlüklərini də xüsusi vurğulayıb.
"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev "Multikultural dəyərlərin təşviqində medianın rolu" mövzusunda məruzəsində kütləvi informasiya vasitələrinin ölkədə millətlərlərarası və dinlərarası münasibətlərin inkişafındakı müstəsna rolunu xüsusi önə çəkib. O bildirib ki, Azərbaycan KİV-ləri üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələrək millətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına əsaslı təkan verirlər. 
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Mültikultural dəyərlər və Azərbaycanın dünyadakı yeri" mövzusunda çıxışında bildirib ki, İsmayıllı rayonunun nümunəsində Azərbaycandakı mövcud multikultural mühiti dünyada təbliğ etmək üçün yaxşı imkanlar mövcuddur. O bildirib ki, müasir dünyada sülh və sabitliyin təmini, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi, demokratik düşüncə tərzinin formalaşması baxımından multikultural və tolerant dəyərlərin analoqu yoxdur. 
Sonra məruzələr ətrafında müzakirələr başlayıb. İsmayıllı rayonunun İvanovka tam orta məktəbinin tarix müəllimi Nadejda Jabina, Qalacıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Təbriz Eminov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mərəhməd Mustafayev, Lahıc qəsəbəsindəki tam orta məktəbin müəllimi Dadaş Əliyev, Məhəmmədiyə məscidinin axundu Elnur Yusifov və din xadimi Ağakərim Novruzov mövzu ətrafında fikirlərini bölüşərək respublikamızda müasir dünya ölkələrinə nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar.
Fondun icraçı direktoru Vüqar Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib. 
Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov KİV rəhbərlərinin iştirakı ilə keçirilən konfransın rayon həyatı ilə bağı yeniliklərin ölkə ictimaiyyətinə obyektiv şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb və media ilə əlaqələrin genişləndirilməsindəki roluna görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib. 

 

Tarix
9 Dekabr 2016 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ