SSRİ-yə köçmək istəyən ermənilər daşnaklar, sovet hakimiyyətinə düşmən olanlar idi

18:23 - 9 Dekabr 2016 - KİVDF

Onların bir çoxu özlərilə Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik, kin-küdurət gətirdilər


Aparılan siyasət nəticəsindədə XX əsrin ortalarından başlayaraq ermənilər sayca Dağlıq Qarabağda üstünlük təşkil etməyə başladılar.
Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Məsələn, Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirildi. Onların bəziləri Dağlıq Qarabağa köçdülər. Azərbaycanlıların Dağlıq Qarabağ Muxtar Vilayətinə qeydiyyata alınmasında hər cür problemlər yaradılsa da, xaricdən gələn ermənilərin orada qeydiyyata düşməsində problem olmurdu.
A.Qriboyedovun özünün də vurğuladığı hal, yəni “ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqları” vəziyyəti gerçəkləşdi. SSRİ-yə köçmək istəyən ermənilər isə kommunist və ya sosialist deyil, daşnaklar, sovet hakimiyyətinə düşmən olanlar idi. Onların bir çoxu SSRİ-ni dağıtmağa çalışan xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdilər və özlərilə Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik, kin-küdurət gətirdilər. Həm də Dağlıq Qarabağa iddialar da artdı. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edildi, lakin bu iddialar təmin edilmədi. Professor Musa Qasımlının sözlərinə görə, buna baxmayaraq Azərbaycan ərazisindən Ermənistana «pay» verilməsi sonrakı illər yenə davam etdi. 1984-cü ildə Qazax, Ağstafa və Tovuz rayonlarına daxil olan 5 min hektar ərazi ermənilərə verildi. Bu rayonların əhalisinin sərt etirazına baxmayaraq, bu torpaqların ermənilərə verilməsi sənədləşdirildi. Bu, sonrakı faciənin xəbərçisi idi.
Azərbaycanın daxili işlərinə kobud müdaxilə 
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri M.Qorbaçovun razılığını aldığını bildirdi. Bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları və Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi genişləndi. Vilayətin sosial-iqtisadi və mədəni inkişafının bərbad vəziyətdə olduğu (əslində vəziyət bunun əksi idi) qabardıldı. 1987-ci ilin noyabrında isə Ermənistanın Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edildi. Bunun nəticəsində azərbaycanlılar qaçqına çevrilərək Azərbaycana gəlməyə başladılar. 1988-ci ilin yanvarında artıq ölkəmizdə Ermənistandan qovulan 4 min azərbaycanlı var idi. Həmin ilin fevralında Ermənistan yenidən sovet orqanları qarşısında Dağlıq Qarabağla bağlı əsassız tələblərini irəli sürdülər. 1988-ci il fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Belə ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiasında olan Ermənistan parlamentinin gizli göstərişinə əsasən, iki həftə ərzində, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovuldu.  Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti aldı, on minlərlə ailənin əmlakı qarət oludu. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.  Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.  Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.  Sovet  və Azərbaycan rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı. Ümumiyyətlə, 1988-1991-ci illər ərzində (SSRİ dağılanadək) Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alındı ki, bunların da nəticəsində 514 nəfər həlak oldu, 1318 nəfər yaralandı. 
"Xocalını unutmayacağıq, unutdurmayacağıq".
Azərbaycanlılara qarşı soyqırımı sonrakı illərdə də davam etdi. 1992-ci il fevralın 13-dən 17-dək ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atıldı, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürüldü ki, sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirildi. Azərbaycanlılara qarşı bir soyqrımı həyata keçirildi. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri yandırmışdılar. Qaradağlı kəndində baş verənlər ermənilərin Xocalıda törətdikləri vəhşiliyə hazırlıq idi.

Punhan Əfəndiyev
(ardı var)

 

Xəbər xətti