Müsəlman kommunistlər susmağa üstünlük verirdilər

18:18 - 8 Dekabr 2016 - KİVDF

Nəriman Nərimanov: “Əgər Azərbaycan müsəlman kommunistlərinin əksəriyyəti millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi, Gürcüstana müftə neft verilməzdi”

 Zəngəzurda 123 min 95 nəfər azərbaycanlı, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verildi. Nərimanov sonradan bu ağrını ifadə etməyə məcbur oldu: “Əgər Azərbaycan müsəlman kommunistlərinin əksəriyyəti millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi, Gürcüstana müftə neft verilməzdi”. 

Sonrakı dövrlərdə isə Zəngəzurdan azərbaycanlıların deportasiya edilməsi siyasəti daha da genişləndirildi. Həmin ərazinin verilməsi nəticəsində Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Yuxarıda qeyd etdiyim kimi ermənilər Naxçıvanı da öz ərazilərinə birləşdirmək niyyətində idilər. Hətta, bu onlara vəd də edilmişdi. Lakin onların bu niyyətləri baş tutmadı. 1921-ci il martın 16-da imzalanmış Rusiya –Türkiyə müqaviləsinin üçüncü maddəsi ilə Naxçıvanın ərazisi və statusu müəyyənləşdirildi. Həmin il oktyabrın 13-də bir tərəfdən Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Karsda Rusiya Sovet Federativ Sosialist Respublikasının vasitəçiliyi ilə müqavilə imzalandı. Müqavilənin 5-ci maddəsində deyilir: «Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir” . Müqaviləyə üçüncü əlavədə Naxçıvanın sərhədləri müəyyənləşdirildi.  
Bundan əvvəl, 1921-ci iyulun 5-də RK (b) P MK Qafqaz bürosu plenumunun iclasında Qarabağ məsələsi müzakirə edilib. Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alınaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vermək qərara alındı. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi. Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara isə muxtariyyət verilmədi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də  ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Ərazi iddiaları Azərbaycanın 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil oldğu müddətdə də davam etdi. Qazax qəzasının xeyli hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bir sıra kəndləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı. Azərbaycan hökuməti güzəştə getdikcə ermənilər daha da şirnikləşir, yeni-yeni ərazilərin Ermənistana verilməsi işini davam etdirirdilər. 
Bu iddialar İkinci Dünya Müharibəsindən sonra daha da intensivləşdi. 1945-ci ildə erməni dairələri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə əsassız iddialar irəli sürdülər. Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət etdi. Məktubda yazırdı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-in tərkibinə daxildir və Ermənistan ərazisinə bitişikdir. “Vilayətin əhalisinin 153 min nəfərindən 137 min nəfəri ermənidir və Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsi ilə eynidir. Onun Ermənistanın tərkibinə daxil edilməsi inkişafına kömək edər və təsərrüfata rəhbərliyi yaxşılaşdırardı”. 
Q.Arutunov Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə Qarabağ vilayəti kimi daxil edilməsi təklifini irəli sürürdü. Q.Arutunovun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Georgi Malenkov 1945-ci il noyabrın 28-də Azərbaycan KP (b) MK katibi Mircəfər Bağırova göndərdi və bu təklif haqqında fikrini bildirməsini istədi. M.Bağırovun 1945-ci il dekabrın 10-da verdiyi 5 səhifədən ibarət olan cavabında Q.Arutunovun əsassız iddialarını qətiyyətlə rədd edərək yazırdı ki, Dağlıq Qarabaq Muxtar Vilayəti heç bir zaman Ermənistan SSR ərazisi ilə bitişik olmayıb və bitişik deyildir. Sovet hakimiyyəti dövründə Azərbaycanda, Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişaf üzrə möhtəşəm işlər görüldüyünü faktlarla mərkəzi rəhbərliyin diqqətinə çatdırıldı. Məktubda M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etmirdi. Bununla belə, məsələyə baxmaq üçün komissiya yaradılmasını və DQMV-nin Ermənistan SSR tərkibinə daxil edilməsi məsələsi müzakirə olunarkən Azərbaycan Respublikası ilə sərhədə bitişik və əhalisi əsasən azərbaycanlılardan ibarət olan Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜK(b)P MK-nın diqqətinə çatdırır, mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalmış həmin rayonların Azərbaycana verilməsinin əhaliyə maddi-məişət və mədəni-siyasi xidmət göstərilməsinə imkan verəcəyini yazırdı.
Sovet rəhbərliyi məsələyə baxaraq əsassız erməni iddialarını rədd etdi. Buna baxmayaraq, erməni dairələrinin başqa istəklərini yerinə yetirildi. 1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz rayonu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi.. Bundan sonra Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin repatriasiyası məsələsini sovet hökuməti qarşısında qaldırdı. Sovet rəhbərliyi isə həmin təklifi bəyəndi.
Xatırladaq ki,. hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə bağlı məsələyə toxunulub. Belə ki, gələcəkdə «Böyük Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş ediblər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilib. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edib. Ancaq repatriasiya edilən ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait mövcud deyildi. Məsələnin real həlli Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycana köçürülməsində görüldü. Bu, suvarılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yarandığı ilə əlaqələndirildi. SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 130 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürüldü, onların evlərinə isə xaricdən gələn ermənilər (100 mindən artıq) yerləşdirildi. Deportasiya olunan azərbaycanlıların bir hissəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yerləşdirilməsi isə baş tutmadı. Azərbaycan Respublika Təhlükəsizlik Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağırova təqdim etdiyi rəsmi arayışda deportasiya olunan azərbaycanlıların ermənilər tərəfındən sıxışdırılmaları barədə kollektiv imza ilə göndərdikləri məktub və ərizələri «millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi. Bunlara isə M.Bağrov inanırdı. Aparılan siyasət nəticəsindədə isə XX əsrin ortalarından başlayaraq ermənilər sayca Dağlıq Qarabağda üstünlük təşkil etməyə başladılar.
Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Məsələn, Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirildi. Onların bəziləri Dağlıq Qarabağa köçdülər. Azərbaycanlıların Dağlıq Qarabağ Muxtar Vilayətinə qeydiyyata alınmasında hər cür problemlər yaradılsa da, xaricdən gələn ermənilərin orada qeydiyyata düşməsində problem olmurdu.
Punhan Əfəndiyev
(ardı var)

Xəbər xətti