NİDA üzvü 10 il müddətinə azadlıqdan məhrum edilib

16:34 - 8 Dekabr 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Məhkəmə hökmünə əsasən, B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında B.Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.
Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti