Peru Konqresində Peru-Azərbaycan dostluq qrupu yaradılıb

11:19 - 8 Dekabr 2016 - Xəbər

Peru Konqresinin Xarici əlaqələr komitəsinin sədri Xuan Karlos del Aqila Kardenasın təşəbbüsü ilə Peru və Azərbaycan arasında 13 konqresmendən ibarət yeni dostluq qrupu yaradılıb. Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, bu münasibətlə Peru Konqresinin binasında mərasim təşkil edilib. Mərasimdə bir sıra konqresmenlər, o cümlədən yeni dostluq qrupunun üzvləri, Peru Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri və KİV nümayəndələri iştirak edib. Tədbirdə bir neçə konqresmen çıxış edərək Dağlıq Qarabağ münaqişəsinə toxunmuş və tezliklə bu problemin sülh və diplomatik yolu ilə həll edilməsinə, qaçqın və məcburi köçkünlərin öz qanuni torpaqlarına geri dönəcəklərinə ümidvar olduğunu bildiriblər. Tədbirdə Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov çıxış edib və yeni dostluq qrupunun yaradılmasına görə minnətdarlığını bildirib. O, öz nitqində Ermənistan-Azərbaycan münaqişəsi və nəticələri haqqında ətraflı məlumat verib, Xocalı soyqırımından bəhs edib. Tədbirdə M.Məmmədov Peru və Azərbaycan arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, iqtisadi, daxili və xarici siyasət sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri, həmçinin parlamentlərarası münasibətlərin inkişafı və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib. Qeyd edək ki, 2013-cü il 10 iyun tarixində Peru Konqresində Xocalı soyqırımını və Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan Qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilib.

Xəbər xətti