Azərbaycan teatrının portreti beynəlxalq mətbuatda

14:29 - 7 Dekabr 2016 - Mədəniyyət

Bu günlərdə beynəlxalq mətbu orqanlarından birində Azərbaycan teatrı, onun təşəkkül tarixi və bu tarixdə xüsusi yeri olan ölkə teatrları haqqında məqalə dərc olunub. Azərbaycan teatr tənqidinin istedadlı nümayəndəsi, teatrşünas alim, Mədəniyyət və İncəsənət Universitetinin “teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadənin qələminin məhsulu olan məqalə “Azərbaycan teatrı: sosial portret və estetik “xəritə” adlanır. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, məqalə Yunanıstanın aparıcı internet saytlarından birində http://www.greek-theatre.gr/-da yer alıb. 

Azərbaycan haqqında oxucuya ətraflı məlumatla başlayan məqalə daha sonra Azərbaycan teatrının yaranma tarixi, inkişaf mərhələləri, müasir teatr prosesini anlatır. 1990-cı ildən günümüzədək olan zaman kəsiyində Azərbaycan teatrından bəhs edən məqalədə Dövlət Gənc Tamaşaçılar, Yuğ, Akademik Milli Dram, Pantomima, Opera və Balet, Musiqili teatrları haqqında məlumat, adıçəkilən teatrlarda son illər səhnələşdirilən ən uğurlu səhnə əsərləri və onlardan fotoşəkillər yer alıb.
Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Mən gəldim qızlar” (“Müharibə”, L.Nuren) və “Lineynin trilogiyası”na daxil olan üç tamaşa (“Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb”, M.MakDonax) məqalədə ən yaddaqalan tamaşalar siyahısıdadır. 
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, bu proqramın müvafiq bəndlərinə uyğun olaraq daha da inkişaf edən, maddi-texniki bazası yüksək səviyyəyə çatdırılan Azərbaycan teatrlarının üzv olduğu beynəlxalq qurumlar haqqında da məqalədə bəhs edilir. 
Məqalə ilə aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiz:
   
http://www.greek-theatre.gr/public/en/greekplay/index/newview/1025 

                                                                              

Xəbər xətti