Türkiyə Rusiyanın Qarabağ münaqişəsinin həlli istiqamətdə səylərini dəstəkləyir

14:59 - 3 Dekabr 2016 - DÜNYA

"Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyədə keçirilən görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə etdik".APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.M. Çavuşoğlu qeyd edib ki, görüşdə Türkiyənin məsələ ilə bağlı mövqeyi bir daha açıqlanıb: "Biz Azərbaycanın mövqeyini dəstəkləyirik. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bir daha vurğuladım. Bundan əvvəl Soçidə Sergey Lavrovla görüşümüzdə də Qarabağ məsələsini müzakirə etmişdik. Rusiyanın bu istiqamətdə səylərini dəstəkləyirik. Ancaq son vaxtlar münaqişənin həlli ilə bağlı proseslərin sürəti aşağı düşüb".Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Xəbər xətti