Güclü külək Astaranın bəzi kəndlərini işıqsız qoyub

09:57 - 3 Dekabr 2016 - ÖLKƏ İÇİ

Ötən axşam güclü külək Astara rayonunda fəsadlar yaradıb. "Report"un verdiyi xəbərə görə, külək əsasən, elektrik təsərrüfatına ziyan vurub. Demək olar ki, 95 faiz abonent gecəni qaranlıqda keçirib. Qəzalar demək olar ki, rayonun bütün istiqamətlərində qeydə alınıb. Hazırda rayonda bərpa işlərinə başlanılıb.
Astara Rayon İcra Hakimiyyətindən "Report"a elektrik təsərrüfatlarına dəyən ziyanla bağlı məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda Siyəkü, Hamuşam-Əsxənəkəran xətlərində təmir-bərpa işləri aparılır.  İcra Hakimiyyəti aparatının məsul işçisi Xəlil Lətifov rayondakı son durum barəsində məlumat verərək bildirib ki, səhər saat 6.00 -dan başlayaraq rayon ərazisində dünən gecə saatlarında güclü küləyin elektrik təsərrüfatlarına vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb: "Artıq Səncərədi-Artupa istiqamətində yaranmış qəza aradan qaldırılıb. Kijəbə qəsəbəsinə də elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda briqadalar Pensər və Təngərüd kəndləri ərazisində baş verən qəzaları aradan qaldırmaqla məşğuldur."  

Sakinlər hündür gövdəli ağacların aşdığını, kəndlərdə dam örtüklərinə ziyan dəyməsi barədə bildirsələr də, hələlik rayonun Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına icra nümayəndəlikləri tərəfindən heç bir məlumat daxil olmayıb.

Xəbər xətti