"ADY" QSC-də "Stadler Rail Group"un nümayəndə heyəti ilə görüş keçirilib

11:58 - 2 Dekabr 2016 - ÖLKƏ İÇİ

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib. Ucnoqta.az xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  Azərbaycan dəmir yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Görüşdə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. P.Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən “Minsk Stadler” zavodunda istehsal olunan "KİSS" markalı 5 ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Xəbər xətti