Borçalı əhalisi Azərbaycana birləşməkdə maraqlı idi

18:33 - 2 Dekabr 2016 - KİVDF

8.7 min kvadrat kilometrlik türk əraziləri tarixi ədalətsizliyin qurbanı oldu.
Borçalı Qarapapaq Cumhuriyyətinin yaradılmasında əsas məqsəd bölgə xalqını erməni və gürcü basqınlarından qorumaq idi. Məktubdan da aydın olur ki, Borçalı əhalisi Azərbaycana birləşməkdə maraqlı idilər. Azərbaycan dövləti Borçalının türklərdən ibarət orta hissəsindən başqa, Sığnaq qəzasının əhalisi tamamilə Azərbaycanlılardan ibarət olan cənub-şərq hissəsinin, habelə Qarayazının taleyinə biganə deyildi. Gürcüstan dövləti isə əksinə, həm adı çəkilən bölgələrə, üstəlik də bütövlükdə Zaqatala bölgəsinə iddia edirdi. Gürcülər öz iddialarına «tarixi prinsip» donu geydirir, bu torpaqların əsrlər boyu. Gürcüystan ərazisi olduğunu israr edirdilər. Halbuki həmin ərazilərin əhalisi əksərən azərbaycanlılardan ibarət idi. Məsələn, Borçalının yalnız orta hissəsinin (bu ərazi Qazaxdan başlayaraq Axalkələk qəzasına və Əyriqar və Yemlikli dağlarına qədər olan yerləri əhatə edir) əhalisi milli tərkibcə aşağdakı kimi idi: müsəlmanlar 36.615  nəfər (93 faiz), gürcülərp -1.862 nəfər (4,5 faiz), ermənilər və başqa xalqlar -1.103 nəfər (2,5 faiz). Qarayazı mahalında azərbaycanlılar əhalinin 88,8 faizini, Sığnaq qəzasının cənub-şərq hissəsində azərbaycanlılar 6.728 nəfər olub 100 faiz təşkil edirdilər. Buna baxmayaraq iyunun ilk günlərində artıq Borçalıda gürcü və alman hərbi hissələri tam yerləşdirilmişdi. Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xarici işlər idarəsinin başçısına yazırdı: “Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir”. 
Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Lakin sonrakı danışıqlar bir nəticə vermədi. . Borçalı xüsusunda Gürcüstanla Azərbaycan arasında yazışmalar bir yana qaldı, üçüncü dövlətin – Ermənistanın iddiaları gücləndi. 1918-ci ilin axırlarında ermənilərin fəallaşdı. Yeni şəraitdə onlar «Böyük Ermənistan»» ideyasını yenidən ortaya atdılar. İ. Cavaxişvili yazırdı: «Elə həmin bu vaxtlarda İstanbulda Ermənistanın fantastik xəritəsi dərc olundu. Bu xəritədə Ermənistan Qara dənizdən Xəzər dənizinədək uzanmış, Samsundan bir azca şərqə-ta Aralıq dənizinədək, Selevkiyadan bir az yuxarıda olan Ərdəbil şəhərindən şimala, ta Xəzər dənizinəcən, Batumi, Axalsıx, hətta Msxeta və Tbilisi də bu xəritədə Ermənistana məxsusdur. Gürcüstana isə kiçik, nazik bir torpaq zolağı verilir».
Bunların fonunda “Daşnaksütyun” partiyasının başçısı Ovannes Kaçaznuninin rəhbərlik etdiyi Ararat hökuməti Qarabağ, Zəngəzur,  Axalkalaki (Axalkələk)  və Borçalı bölgələrinə qarşı ərazi iddiaları irəli sürərək həmin ərazilərin Ermənistana birləşdirilməsini tələb etdi. Erməni daşnak orduları Borçalının cənub hissəsi olan Loru bölgəsini tutmaq məqsədilə əməliyyatlara başladılar. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Bunun bir sıra səbəbləri vardı. Qeyd edək ki, Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşmişdi. Lakin oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu.1918-ci il 30 oktyabrda Osmanli imperiyası ilə Antanta arasında imzalanmış Mudros barışığına görə isə I Dünya müharibəsində məğlub olan Osmanlı orduları bir ay ərzində Zaqafqaziyadan çəkildi. Beləliklə, Azərbaycan müttəfiqsiz, tək qaldı və Borçalı ilə bağlı iddialarını reallaşdıra bilmədi. Səhnəyə gürcülərlə ermənilər çıxdı. Gürcü ordusu almanların dəstəyilə 1918-ci il noyabr-dekabr aylarında Borçalı və Axalkələk qəzalarını tutdular. Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkələkdən çıxmasını tələb etdi. Dekabrın 9-da hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycan türklərinin elliklə yaşadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir hissəsindən imtina etməli idi. Dekabrın 17-də isə Gürcüstan Ermənistana rəsmən müharibə elan etdi və onunla diplomatik əlaqələri kəsdi. Dekabrın 18-31-də tərəflər arasında hərbi əməliyyatlar baş verdi. Döyüşlərdə ermənilərə qarşı borçalılardan ibarət özünümüdafiə dəstələri də iştirak edirdi. Göyrə oğlu Qara və İsrafil bəyin başçılıq etdiyi dəstələr xüsusilə fərqlənirdi Bu müharibədə Arıxlı atlıları müsəlman süvari alayının tərkibində vuruşurdu. Qəmbərlərin Məhəmməd bu barədə deyirdi: "Mən uşaq idim. Döyüşdə iştirak etmək üçün kəndin irəlidə gedənlərindən, adlı-sanlı, qoçaqlıqda ad çıxarmış sakinlərindən süvari dəstə təşkil edilirdi. Təşkilatçı Borçali qazısı Yusif Əfəndi Allahyarzadə idi. Bu dəstə Sadaxlı, Sarallar, Şulaver kəndləri ətrafında gedən döyüşlərdə iştirak edirdi".
Müharıbə isə davam edirdi. Dekabrın 25-də İngilis ordusu Tbilisə girdi. Bir gün sonra isə Alman ordusu Gürcüstanı tərk etmək məcburiyyətində qaldı. Birinci dünya müharibəsində qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan müharibəsinin dayandırılmasında fəal iştirak etdi. Artıq 1918-ci il dekabrın 31-də döyüşən tərəflər atəşi dayandırdılar. Hərbi əməliyyatlarda qələbə qazana bilməsələr də, hər halda törətdiyi təcavüz aktı Ermənistana sonrakı sülh danışıqları zamanı bir sıra üstünlüklər qazanmağa imkan yaratdı. Əvvəla, Ermənistan iddiaçı tərəf kimi barışdırıcı dövlətlərin razılığı və aşkar dəstəyilə müəyyən ərazilərə sahib ola bildi. İkincisi, Ermənistan öz öz ətrafında mübahisəli məsələləri iddia etməkdə haqqı olan dövlət imici formalaşdırdı. Bu da regional və beynəlxalq  məsələlərdə prinsipial bir məsələdir.  Üçüncüsü, mübahisələrin silahlı yolla həll edilməyə  başlanması siyasi danışıqlara ümid  bəsləyən və əslində buna məcbur olan Azərbaycanı çıxılmaz vəziyyətdə qoydu və  diplomatik  sahədə aktiv vəziyyətini xeyli çətinləşdirdi. 1919-cu il il yanvarın 9-17-də Tiflisdə Ermənistan-Gürcüstan konfransı keçirildi. Ermənistan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı qəzasının şimal hissəsinin Gürcüstana, cənub hissəsinin isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta hissədə isə "neytral zona" yaradılması qərara alındı. Neytral zonanın idarəsi ingilis general-qubernatoruna həvalə edildi. 
Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti dəvət edilmədi. Azərbaycan meydanda tək idi. Yuxarıda qeyd etdiyimiz kimi onun müttəfiqi Osmanlı imperiyası bölgəni tərk etmişdi. Söz sahibi isə ingilislər idi. Azərbaycanın Tiflisdəki nümayəndəsi öz ölkəsinin bu qərarı tanımayacağını bildirsə də bunun bir nəticəsi olmadı. Apreldə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən yıxıldı. Borçalı ilə yanaşı Qarayazı, Sığnaq mahallarını da Azərbaycan sərhədlərinə daxil etmək imkanı birdəfəlik itirildi. Adı çəkilən  8.7 min kvadrat kilometrlik türk əraziləri (Azərbaycan) tarixi ədalətsizliyin qurbanı oldu. 1921-ci il fevralın 16-da yaradılan Gürcüstan İnqilab Komitəsinin fevralın 20-də "Gürcüstan fəhlə, kəndli və əsgərlərinə, bütün zəhmətkeşldərinə» etdiyi müraciətdə deyilirdi: "... Üsyana qalxmış Borçalının zəhmətkeş xalqına imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet respublikalarından birinə ilhaq edilsin". Amma siyasi hakimiyyəti  ələ keçirmiş qüvvələri əhalinin istək və arzuları qətiyyən maraqlandırmırdı. RK(b) P MK-nın Qafqaz bürosu iyulun 7-də Loru nahiyəsinin bütövlükdə Ermənistana verilməsi barədə qərar qəbul etdi. Beləliklə, uzunillik mübarizələrdən və qanlı müharibələrdən sonra ermənilər Borçalı ərazisində iddia etdiklər torpaqları qoparıb aldılar. Borçalı ermənilər və gürcülər arasında bölüşdürüldü və Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycan türklərinin elliklə yaşadığı Borçalı Gürcüstanla Ermənistan arasında bölüşdürüldü. Onun 2575 kvadrat kilometr ərazisi, Loru–Voronsovka bölgəsi (Dağlıq Boçalı) Ermənistan Respublikasına «hədiyy» edildi. Dağ Borçalının ərazisində 30-cu illərdə Kalinino, Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırki Alaverdi) rayonları yaradıldı. Bu ərazilər hazırda Ermənistanın Loru və Tavuş adlı əyalətlərin tərkibindədir. Bölgənin böyük əksəriyyətini təşkil edən türk əhalisi Ermənistanın və Gürcüstanın idarəçiliyi altına düşdü. 
Qeyd edək ki, təşkil olunduğu ilk cağlarda (1880-li illərdə) Borçalı qəzasının sahəsi 5.785,6 kvadrat kilometr, 1902-də 6.567, 1905-də 6.870, 1915-də 6.408, 1917–21 illərində 4.360 kvadrat kilometriydi. Nəhayət, 1922–1929 illərində Borçalı qəzasının (qəza 1929-da rayonlara bölünüb) ərazisi cəmi 2.655 kvadrat kilometr oldu. Yəni  Borçalı zaman-zaman “daralıb”, Sovet hökumətinin gəlişiylə isə, demək olar, yarıbayarı bölündü, yarısı Gürcüstanda qaldı, yarısı Ermənistana verildi. 


Pünhan Əfəndiyev

 

Xəbər xətti