Borçalının Azərbaycana birləşdirmək cəhdi uğursuzluğa uğradı

11:40 - 1 Dekabr 2016 - KİVDF

Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək ermənilər yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. Onlar 1917-ci il fevral burjua-demokratik inqilabına qədər Rusiyaya böyük ümidlərlə baxırdılar. Belə hesab edirdilər ki, Rusiya imperiyasının işğal etdiyi Osmanlı torpaqları və Zaqafqaziya ərazisinin böyük bir hissəsi hesabına Rusiya himayəsində dövlətlərini qura biləcəklər. Lakin ermənilərin bu arzusu ürəklərində qaldı. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Rusiyada, o cümlədən Zaqafqaziyada anarxiya yarandı. Belə bir şəraitdə 1917-ci il 15 (28) noyabrda menşevik, eser, musavat və daşnakların iştirakı ilə Tiflisdə koalisiya hökuməti- Zaqafqaziya Komissarlığı quruldu. Bu dövlət qurumu Rusiya Müvəqqəti hökumətinin Zaqafqaziyanı idarəetmək üçün qurduğu Xüsusi Zaqafqaziya Komitəsini əvəz etdi. Hərbi əməliyyatların dayandırılması ilə bağlı Osmanlı imperiyası ilə Zaqafqaziya Komissarlığı nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində saziş imzalandı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış oldu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Bununla da ermənilərin Şərqi Anadolu əraziləri də daxil olmaqla «Böyük Ermənistan» xəyalı bir daha puça çıxdı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. Bundan başqa, Rusiya tərəfindən Osmanlı imperiyasına qarşı vuruşan erməni silahlı dəstələri də həmin əraziləri tərk etməyə başladılar və onlar Zaqafqaziyada yerləşdilər. Bu səbəbdən də ermənilər öz silahlı qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Rus ordusu geri çəkilərkən gürcülərə də kifayət qədər silah və hərbi sursat verdi. Bunu azərbaycanlılar, o cümlədən Borçalı azərbaycanlıları ilə bağlı demək mümkün deyildi. Onlar güclü düşmənə qarşı çox zəif silahlanmışdılar. Cəbhədən qayıdan rus ordusu silah və sursatlarını xristianlara (erməni, gürcülərə), bolşeviklərə verdiyinə görə, Azərbaycan fraksiyası hökumətdən tələb etdi ki, cəbhədən qayıdan əsgərlərin silahlarının bir qismi azərbaycanlılara verilsin. Amma azərbaycanlılara silah verilmədi. Bu səbəbdən də Borçalı Türkləri Candar stansiyasında cəbhədən qayıdan rus alayını tərkisilah etmək istədilər. Borçalı bəylərindən Mursaqulların Almaz ağa, Cöyrü oğlu Qara başlarına dəstə yığdılar. 

Qeyd edim ki, eşalona hücum çox böyük faciə ilə nəticələnir. Borçalı silahlı dəstələri Candar stansyasında eşalonlara həmlə etsələr də silahları ələ keçirə bilmirlər. Çünki hücumla bağlı əvvəlcədən rus əsgərlərinə məlumat verilmiş, onlar hazır vəziyyətə gətirilmişdi. Atışmada 500 nəfər qarapapaqlı öldürüldü, bir çoxu həbsxanaya salındı. Arçil Yadigarov Rus əsgərlərindən camaatı qurtara bildi. Cöyrü oğlu Qara qaça bildi. Öldürülənlər arasında Mursaqullardan Almaz ağa, Əbzər ağa, İsmayıl ağa, leytenant Abdulla ağa da varıydı, Arıxlılar arasında isə itki olmayıb. Qarşı tərəf də böyük itkilər verib. 
1918-ci il  aprelin 22-də paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin onun ömrü uzun olmadı. Mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi və iclasda Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olundu. Zaqafqaziya Seymi dağıldıqdan sonra Gürcüstan Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhrikilə 1918-ci il mayın 26-da, Azərbaycan və Ermənistan isə mayın 28-də öz müstəqilliklərini elan etdilər. Zaqafqaziyanın iki resapublikasından fərqli olaraq öz dövlətini qurmaq üçün müəyyən ərazisi olmayan ermənilər qonşu xalqların torpaqlarını ilhaq etmək yolunu seçdilər. Hədəfdə olan ərazilər içərisində Borçalı da var idi. Borçalı ilə bağlı Zaqafqaziyanın təzəcə müstəqillik qazanmış hər üç respublikası özünəməxsus siyasət yeridirdi. Məsələn, Borçalı ilə bağlı Azərbaycanın mövqeyi belə idi ki, bölgənin orta zonasının əksər əhalisi türk olduğundan və onlar Azərbaycana birləşmək arzusunda olduqlarından həmin ərazi Azərbaycana verilməlidir. Həqiqətən də Borçalıda yaşayan müsəlmanlar Azərbaycana birləşmək istəyirdilər. Onlar Gürcüstan hökuməti tərəfindən sıxışdırılır, ermənilərin hücumuna məruz qalırdılar. Digər tərəfdən bölgədə ermənilərin fəallaşması müşahidə edilirdi. Onlar artıq açıq şəkildə  azərbaycanlılara qarşı çıxır, hər addımda milli zəmində toqquşmalara gətirib çıxaracaq hərəkətlərə yol verirdilər. Mənbələrdə ermənilərin Borçalı kəndlərinə hücum etmələri, azərbaycanlı əhaliyə məxsus mal-qaranın oğurlanması, qəsdən ziyan törədilməsi barədə faktlar vardır. Başkeçiddən tutmuş Borçalının aşağı –aran hissələrinə qədər hər yerdə artıq azərbaycanlı-erməni qarşıdurması yaranmışdı. Şulaver kəndi bölgəni daim gərginlik altında saxlayırdı. Əhali azərbaycanlılara qarşı olan təxribatlara son qoyulması üçün alman əsgərlərinə müraciət etdikdə isə onlar regiona əmin-amanlığı bərpa etməyə gəldiklərini, «daxili işlərə»  qarışmadıqlarını bildirirdilər. Əslində Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər. Onlar öz işlərinin xeyrinə hər cür özbaşınalıq edir, bütün qəzanı daima qorxu altında saxlayaraq özlərini ac canavar kimi aparırdılar. Adamları tutub dama salmaq, və döyməklə milyonlarla manat cərimə yığırdılar. Atlarını da  müsəlmanların hesabına yedirdirlər, lazım gələndə adam öldürməkdən belə çəkinmirdilər.
Mövcud şəraitdən çıxış yolu kimi Borçalı əhalisi öz müqərratını sərbəst şəkildə təyin etmək məcburiyyəti qarşısında qalır. Şurəddin Məmmədli « Paralanmış Borçalı « kitabında arxiv sənədlərinə istinadən yazır: « Yerli müsəlmanlar Alman qoşunlarına qarşı açıqdan-açığa etirazlarını bildirir və çıxış yolunu Azərbaycana birləşməkdə görürdülər. 1918-ci ildə Borçalıların Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdikləri müraciətdə deyilirdi:  «... Bu torpağın pionerləri bizik, sayca əksər çoxluğu biz tuturuq, burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz var. Ona görə də Türkiyə Sultanına və böyük vəzirə müraciət edərək, bizim mərkəzi üsul-idarə Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınmağımız və bizim Tiflis şəhəriylə birlikdə Azərbaycana birləşməyimiz xüsusunda məsələ qaldırırıq. İndi biz Azərbaycan hökumətindən rica eirik ki, bizə qarşı hələ də törədilən fəlakətlərə son qoyulması üçün gərəkli tədbirlər görülsün, evlərimizə, bütöv kəndlərmizə od vurulması, kəndlərin dağıdılması, müxtəlif yerlərdə əmlakımızın yağmalanması və qarət edilməsi sonucunda bizə dəyən zərərin nə qədər olduğunu, bu zərərin ödənilməsini, tezliklə bizə Müsəlman kəndlərində güvənli yaşayışımızın təminatı üçün qoşun göndərilməsi imkanını aydınlaşdıracaq istintaq komissiyası təşkil edilsin. Ədalət və müqəddəs Müsəlmançılıq haqqları adına öz xeyirxahlığıyla hamıya bəlli olan Sizə Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından müraciət edirik. 1337 (1918) ili Məhərrəm ayının 5-i. İmzalar: Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından: Borçalının Sünnü təriqəti üzrə qazısı Allahyarzadə Yusif Əfəndi ; Borçalının Şiə təriqəti üzrə qazısı Mühəmməd Şeyx Mühəmməd Əli; Borçalı Xeyriyyə Cəmiyyəti sədri və üzvləri, sədr, üzvlər: Qurban-Əli Əfəndi Xəlilzadə və İsa. (Azərbaycan Mərkəzi Dövlət Arxivi, fond 970, siyahı 1, iş 24, vərəq 14–15; Azərbaycan EA Xəbərləri, Tarix, Fəlsəfə və Hüquq seriyası, # 2, Elm, Bakı 1990, səh. 68-69). Burada adları keçənlərdən Yusif Əfəndi Allahyarzadə Şəkidə, İstanbulda ali ruhani təhsili almışdı, Borçalı qazısı rütbəsini qazanmışdı, 1945-ci ilədək Arıxlı kəndində yaşamışdı. Onun üç oğlu – Sirəcəddin, Ziyəddin (Ziya), Bahəddin Əfəndiyevlər Borçalıda təhsilin, mədəniyyətin inkişafında önəmli rol oynamışdılar». 
Pünhan Əfəndiyev

Xəbər xətti