Azay Quliyevdən Xocalı soyqırımı ilə bağlı mühüm təklif

13:24 - 28 Noyabr 2016 - SİYASƏT

“Xocalı soyqırımına qiymət vermək üçün mütləq 3 mərhələdən keçməliyik”. Bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib. A.Quliyev bildirib ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün çox mühüm məsələdir: “Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq. Xocalı faciəsini törədənlər azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalı altındadır. Ona görə də cəmiyyət üçün ən mühüm məsələ budur: Biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Bu kimi soyqırıma qiymət vermək üçün biz mütləq 3 mərhələdən keçməliyik”. 

A.Quliyev qeyd edib ki, ilk mərhələdə dünya ictiamiyyəti müfəssəl şəkildə məlumatlandırılmalıdır: “İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir. 

Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasıdır. Mən sizi əmin edirəm ki, biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət beynəlxalq kampaniyası” öz müsbət nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, biz bir neçə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsdinə nail ola bilmişik. Əlbəttə, bu işlər davam etdirilməlidir”. 

A.Quliyev sonda vurğulayıb ki, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsənət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir.

Xəbər xətti