Teymurun varislərinin hakimiyyət uğrunda mübarizəsi yerli hökmdarların nüfuzunu artırdı

18:04 - 25 Noyabr 2016 - KİVDF

Şirvanşah I İbrahim Azərbaycan torpaqlarını Şirvanşahlar dövləti ətrafında birləşdirmək uğrunda mübarizəyə başladı

Tarixən məlumdur ki, Əmir Teymurun daxilən möhkəm olmayan imperiyası onun ölümündən sonra parçalanmağa başlamış, atası tərəfındən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu Əbubəkir və Mirzə Ömərlə birlikdə Azərbaycanda və İranın qərb torpaqlarında səltənətə çıxmaq uğrunda qanlı döyüşlərə başlamışdılar. Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə, yerli hökmdarların nüfuzunun möhkəmlənməsinə və genişlənməsinə imkan yaratdı. Şirvanşah I İbrahim yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını Şirvanşahlar dövləti ətrafında birləşdirmək uğrunda mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cakir və Gürcü çan Konstantin ilə əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda Təbriz şəhərini ələ keçirdi. Lakin o, burada möhkəmlənə bilmədi. Şirvanşah Sultan Əhməd Cəlayirin Bağdaddan Təbriz üzərinə yürüşə çıxdığını xəbər alaraq Cənubi Azərbaycanı tərk etdi. Azərbaycanda siyasi hakimiyyət uğrunda gedən mübarizəyə 1406-cı ildə Qara Yusif Qaraqoyunlu da qoşuldu. XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan Əhməd Cəlayiri, Şirvanşah I İbrahim, Qara Yusif Qaraqoyunlu və ayrı-ayn feodal hakimlərin apardığı mübarizə türk tarixçilərinin əsərlərində geniş şəkildə tədqiq olunmuşdur . Qara Yusif 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Əbubəkr üzərində qələbə çalmışdı. Qara Yusifin teymurilər üzərindəki qələbəsindən sonra Azərbaycanın cənub torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş və hakimiyyət qaraqoyunluların əlinə keçmişdi. İ.H.Uzunçarşılı, Z.V.Toğan, F.Kırzıoğlu və İsmayıl Aka Qaraqoyunlu dövlətinin 1408-ci ildə yarandığını qeyd edirlər. Qaynaqların verdiyi məlumata görə, Qara Yusif Əbubəkri ikinci dəfə (1408-ci ildə) məğlub etdikdən sonra oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbərdar etmişdir. O, bu xəbəri müsbət qarşılamış və Pir Budaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdi. Faruq Sümer Mirxondun bu məlumatının doğru olmadığını qeyd edir. Onun fikrincə, Pir Budaq Sultan Əhmədin ölümündən sonra hakimiyyətə gəlmişdir. O, öz fikrini Qara Yusifin Pir Budaqla müştərək olaraq zərb etdirdiyi mis və gümüş sikkələrin ən qədiminin (h.814) 1411-ci il tarixli olması ilə əlaqələndirir. Azərbaycan tədqiqatçılarının əsərlərində də Qaraqoyunlu dövlətinin 1410-cu ildə yarandığı qeyd olunur. Lakin M.Seyfəddini həm qaynaqlara, həm də numizmatik materiallara istinad edərək Qaraqoyunlu dövlətinin təşəkkül tarixininin 1408-ci il olduğunu əsaslandırır. O, üzərində Qara Yusifin oğlu Pir Budağın adı həkk olunmuş sikkələrin 1408-ci ildən başlayaraq kəsildiyini göstərir. Azərbaycanda siyasi hakimiyyətin 1408-ci ildən başlayaraq Qaraqoyunluların əlinə keçdiyini həmin dövrün qaynaqları da təsdiq edir. Qara Yusif Azərbaycanda teymurilərin hakimiyyətinə son qoyduqdan sonra öz hakimiyyətini möhkəmləndirmək üçün mühüm tədbirlər gördü. Qaynaqların verdiyi mə'lumata görə, Qara Yusif 1409-cu ilin noyabr ayında Pir Ömər və İlyas Döğərin başçılığı altında Şirvan üzərinə qoşun göndərmişdi. Lakin Şəki hakimi Seydi Əhmədin döyüşə ciddi hazırlaşdığını hiss etmiş Qaraqoyunlu sərkərdələri döyüşə girməmiş və Şirvanın bəzi yerlərini talan edərək Təbrizə qayıtrmışdılar. Şirvan və Şəki ərazilərini ələ keçirib mərkəzləşdirilmiş dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin başlıca məzmununu təşkil edirdi. Faruq Sümerin fıkrincə, Qara Yusif 1409-cu il dekabrın sonunda Şirvana yeni bir ordu göndərmək istəmiş, lakin Van hakimi Məlik İzzəddin Şir siyasi vəziyyəti nəzərə alaraq ona mane olmuş, Qara Yusiflə Şirvanşah Şeyx İbrahimi barışdırmışdı. Teymurilərin üzərində qələbədən sonra Qara Yusifın Azərbaycanın cənub torpaqlarında getdikcə möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlayirini narahat edirdi. İ.H.Uzunçarşılı və F.Sümerin qeyd etdiklərinə görə, 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd etmiş və elçini geri qaytarmışdı. Onların fikrincə Sultan Əhmədlə Qara Yusif arasında 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşün mühüm səbəbi Qara Yusifın Həmədaq yaylağını Sultan Əhmədə verməməsi olmuşd. Qara Yusif bu döyüşdə qələbə çalmış və İraqı da Qaraqoyunlu dövlətinə birləşdirmişdi. Türk tarixçilərinin əsərlərində Qaraqoyunlu dövlətinin Şirvanşahlar dövləti ilə münasibətlərinə xüsusi diqqət yetirilmişdir. Şirvanşah I İbrahim qaraqoyunluların getdikcə qüvvətlənməsinin Şirvanı təhlükə altına alacağını bilir və Cəlayirilərin tərəfində dururdu. Türk tarixçiləri Şirvanşahın bu mövqeyini izah etmirlər. Lakin İ.P.Petraşevski, C.İbrahimov və S.Aşurbəyli Şirvanşahın cəlayirilərə tərəfdar olmasının səbəbini o zaman Cəlayirilər dövlətinin çox «zəif olmasında«» görmüşlər. Ş.Fərzəliyevin fikrincə, I İbrahimin Sultan Əhmədə tərəfdar olmasının səbəbini heç də cəlayirilərin zəifləməsi və Şirvanşaha qarşı təhlükə təşkil etməməsi ilə deyil, Şirvanşahın müdrük uzaqgörənliyi ilə izah etmək lazımdır. O, bilirdi ki, artıq bir dəfə Şirvanı tutmağa çalışan Qara Yusif qüvvətləndikdən sonra hökmən əski niyyətini həyata keçirməyə çalışacaqdır. Əgər o, qaraqoyunlulara tərəfdar olsaydı, Qara Yusifin şəxsində bir dost, cəlayirilərin və həmçinin Qara Yusiflə düşmənçilik münasibətində olan teymurilərin şəxsində iki düşmən qazanmışdı. Çünki Teymuri hökmdarı Şahruhla Şirvanşahlar dövləti arasında hələlik yaxşı münasibət vardı. Məhz bu uzaqgörənlik nəticəsində Şirvan döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdilər. Qaynaqların verdiyi məlumata görə, Sultan Əhməd Təbriz üzərinə yürüş etdiyi zaman Şirvanşah Şeyx İbrahimdən yardım istəmiş və o da oğlu Kəyumərsin başçılığı ilə bir ordu göndərmişdi. Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, Qara Yusif qaraqoyunlulara əsir düşmüş Kəyumərsə atası I İbrahimə məktub yazdıraraq Qaraqoyunlu dövlətinə tabe olmağı təklif edir və onu azad edir. Faruq Sümer Hafız Əbrunun və Əbdürrəzzaq Səmərqəndinin verdiyi məlumatlara istinad edərək yazır ki, Qara Yusif Kəyumərsi Ərciş qalasında həbs etdirmişdi. Şeyx İbrahim oğlunu azad etmək üçün çox böyük məbləğdə pul təklif etmiş, lakin Qara Yusif bu təklifi rədd etmişdi. Dövrün digər qaynaqları da Farüq Sümerin bu mövqeyini təsdiq edir. Qara Yusifın Sultan Əhmədi ağır məğlubiyyətə uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi Şirvanşah Şeyx İbrahimi xeyli narahat etmişdi. Buna görə də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Farüq Sümerin fıkrincə, Qara Yusif bu hadisədən xəbər tutmuş və 1412-ci ilin 17 noyabrında Qarabağa gəlmişdi. O, buradan Şeyx İbrahimə elçi gondərmiş, ona barışıq təklif etmişdi. Qara Yusifin bu təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmamışdı. 

(ardı var)

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti