Ana səhifə
20 Sentyabr 2018

Tanınmağın yorucu anları...

Firəngiz Mütəllimova: «Hərdən demişəm ki, kaşki aktrisa, tanınmış olmazdım”

 

Füzuli Hüseynov: «Yerli-yersiz diqqət mərkəzində olursan, rahat ola bilmirsən»

 

Arif Quliyev: “Tanınmağından öz xeyrin üçün istifadə eləsən onda səndən  yorularlar”

 

 

Ucnoqta.az” xəbər verir ki, Hər bir insan sənətindən asılı olaraq tanınmaq, məşhur olmaq istəyər. Bu, daha çox incəsənət nümayəndələrinə aid olan xüsusiyyətdir. Onlar öz sənətləri müqabilində tanınırlar, məşhurlaşırlar, sevilirlər. Gəlin görək onları nə vaxtsa tanınmaq, məşhur olmaq yorubmu? 

Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Firəngiz Mütəllimova bildirdi ki, onu məşhurluq, tanınmaq yorub: “Bir gecədə şöhrətin zirvəsində olmaq səndən asılı deyil. Allahın verdiyi qismətdir. Bir gecədə Firəngiz Gülnar oldu. Həm məşhurluq, həm də şöhrət... Bu da insanı istər-istməz bəzi insanlardan ayırdı. Şöhrətin pik nöqtəsində olanda insan bəzi şeylərə şübhələrlə yanaşmağa başlayır. Fikirləşirsən ki, bəlkə məni yox, Gülnarı düşünürlər, Firəngizi Gülnar gözündə görürlər? Məşhur olarkən ürəyin istəyən yerdə rahat otura bilmirsən. Özünü yaxşı hiss eləmədiyin, qanın qara və həvəsin olmayan vaxt insanlar sənə xoş əhval-ruhiyyə ilə yanaşırlar, şəkil çəkdirmək istəyirlər. Deyirsən ki, bu gün həvəsim yoxdur. Sonra düşünürsən ki, kiminsə qəlbini qırdım”.

Xalq artisti dedi ki, məşhurluq onu həm də bezdirib: “Hərdən deyirəm, kaş ki, aktrisa, tanınmış olmazdım. İnsan özünü xarici ölkədə rahat hiss edir. O da artıq İran, Türkiyə və Rusiyanı çıxmaq şərti ilə. Hansı ölkəyə getsən mütləq bir azərbaycanlı ilə rastlaşırsan. Təbii ki, tamaşaçıların sevgisi, məhəbbəti bizim üçün çox xoşdur».

Əməkdar artist Füzuli Hüseynov da məşhurluq və tanınmağın bəzən onu yorduğunu qeyd etdi: “Bəzi anlar insanı yorur, bəzi anlarda isə çox lazımlı olur. Azərbaycanda məşhurluq adamı yorur. Yerli-yersiz diqqət mərkəzində olursan, rahat ola bilmirsən. Nəsə edəcəyin şeyi gərək çərçivəyə salasan. «Ayıbdır, pis başa düşərlər» deyə, düşünürsən. Azadlığını əlindən alır. Boş-boş zənglər, məktublar olur. Hər zaman diqqət mərkəzində olursan. Mən özümüm elə məşhur saymıram. Azad yaşamağa çalışıram. Tanınmağın insana kömək elədiyi vaxtlar da olur. Yol polisi saxlayanda, sənə hörmət edəndə xoş gəlir. Yaxud harasa gedəndə hörmətlə yanaşanda, «oradan yox, buradan keçin» deyəndə yaxşı olur. Amma çox vaxt yorur”.

Xalq artisti Arif Quliyev isə tanınmağın onu heç vaxt yormadığını dilə gətirdi: “Tanınmaq məni heç vaxt yormayıb. Məşhurluq, tanınmaq insanı heç vaxt yormaz. Əgər sən tanınmağından öz xeyrin üçün istifadə eləsən onda səndən yorularlar. Ona yol verməməyə çalımalısan. Ona görə ki, sən tanınmağı öz zəhmətinlə, əziyyətinlə, min-bir əzabınla, alın tərinlə qazanmısan. O şeyi ki, sən qazanmısan, o səni yora bilməz. Sənə ancaq xoş anlar yaşada bilər”.

Arif Quliyev dedi ki, heç vaxt tanınmaq insanı çərçivəyə salmır: “Daha da çərçivədən çıxarır, genişləndirir. Əhatəni anımlı, qədəmli, xoş edir. Bəziləri görürsən ki, seviləndir, görkəmlidir, amma özünü çərçivəyə salır. Cangüdənləri ilə hamıdan gizlənməyə çalışır. Amma mənə elə gəlir ki, əgər məşhur və sevilirsənsə heç kəsdən gizlənməyə ixtiyarın yoxdur. Çünki ad-sanı sənə o camaat verib. Onlar səni alqışlayıb, sevib, yüksəklərə qaldırıb. Onun müqabilində ad, təqaüd, şöhrət ordeni alırsan, şöhrətlənirsən. Camaatdan gizlənməyə ixtiyarın yoxdu. Onlarla xoş rəftar, səmimiyyət və ünsiyyət yaratmalısan”.

Əməkdar artist Nicat Kazımov tanınmağın müsbət və mənfi tərəflərindən danışdı: «Müsbət tərəfi odur ki, tanınmaq maraqlı olur. Mənfi tərəfi isə odur ki, populyar olmaq istəyən hansısa insan sənə daş atmağa başlayır ki, sənim hesabına o da populyar olsun. Amma min şükür! Əgər bir balaca tanınıramsa, buna yalnız xoş hiss keçirirəm. Düzdür, yorulan dəqiqəm də olub. Universitetə qəbul olmazdan əvvəl özümə söz vermişdim ki, əgər universiteti bitirəndən 5 il sonra həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən tanınmasam, sevilməsəm bu sənətdə qalmayacam. Bəxtim onda gətirib ki, mən elə institutda birinci kursda teatr ictimaiyyəti tərəfindən tanındım. Sonra veriliş aparmağa başladım. Amma bəzən elə vaxt olub ki, demişəm, kaş, tanınmayaydım».

 

 

Rəqsanə

 

Tarix
11 Noyabr 2014 [17:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin