Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

18:08 - 24 Noyabr 2016 - SİYASƏT

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, verilən məlumata görə, Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrindən danışıb, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib. Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.
Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X. Xələfov status-kvonun qəbuledilməzliyini vurğuladı və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd edib.
Marek Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

Xəbər xətti