Qara Qarayev: "Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik"

15:19 - 23 Noyabr 2016 - İDMAN

"Komandamızın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulmamışdı. Amma biz bunu edib, Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik". Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Futbolçu Avropa Liqasında keçirdikləri yol haqda qısa məlumat verib:
"İlk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda yeni mühitə düşmüşdük. Güclü rəqiblərə və qrupdakı atmosferə alışmağa çalışırdıq. Pis çıxış etmədik. "Sent-Etyen", "İnter" və "Dnepr" kimi komandalarla layiqli mübarizə apardıq. Növbəti mövsümə daha yaxşı hazırlaşdıq və yenə güclü rəqiblərlə eyni qrupa düşsək də, pley-off-a adlamağa yaxın idik.
İndi "Qarabağ"ın daha böyük təcrübəsi var. Lakin bəxtimiz hərdən gətirmir. "Slovan"la Bakıdakı oyunun 10-cu saniyəsində qol buraxdıq, "Fiorentina" ilə səfər görüşündə isə qırmızı vərəqə bütün planlarımızı pozdu.
"Qarabağ" ardıcıl 3-cü il ildir ki, Avropanın güclü klubları ilə mübarizə aparır. Məncə, buna görə, "Qarabağ" və Azərbaycan futbolu əksər ölkələrdə tanındı".
Q.Qarayev baş məşqçi Qurban Qurbanov barədə də danışıb.
"Baş məşqçimiz mənə çox kömək edib. "Qarabağ"ın gənclər komandasında çıxış edəndə oyunumu izləyib məni əsas komandaya dəvət etmişdi. Əsas heyətdə oynayandan sonra milli komandaya da dəvət aldım.
Qurban Qurbanov bizə qələbə əmri verən komandarimizdir. O, bizə özümüzə inanmaqda kömək edir. Çox sadə və intizamlı insandı. Məhz onun rəhbərliyi altında bu səviyyəyə çatmışam. O, təkcə nəticəyə deyil, komandanın ümumi inkişafına da diqqət edir. Düşünürəm ki, "Qarabağ" Azərbaycan və Avropadakı uğuruna görə məhz Qurban Qurbanova borcludur".
Qara Qarayev komandanın kapitanı Rəşad Sadıqov barədə də xoş sözlər deyib:
"Rəşad həm meydanda, həm də paltardəyişmə otağında futbolçulara öz güclərinə inanmaqda çox kömək edir. Əsas heyətdə yeni-yeni oynamağa başlayanda mənə də böyük dəstəyi olub. Öyrətdi ki, heç kim və heç nədən qorxma. Həm klubda, həm də millidə Rəşadın varlığı vacibdir. Təbii ki, onun gənc futbolçu olmadığını başa düşürük. Amma Rəşadın karyerasını bitirməyini istəməzdim. Rəşad həm "Qarabağ", həm milli, həm də Azərbaycan futboluna çox lazımdır".

Xəbər xətti