Qaraqoyunluların mənşəyi

18:50 - 22 Noyabr 2016 - KİVDF

"Baran" sözü qədim türklərdə daha çox "qoç" mənasında işlənmişdir

Hindistanda yazılmış və Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkməniyyə" və "Tarixi sultan Qütbşahi" əsərlərində Qaraqoyunluların 599 (1202-1203) cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana və Şərqi Anadoluya gəlməsi və onların burada daim gürcülərə və tatarlara qarşı mübarizə aparması göstərilir. Faruq Sümer bu məlumatın doğru olduğunu güman edir. F.Kırzıoğlu isə bu məlumatdakı 599 rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş yayılmış "İskəndər təqviminə" əsaslanmışdır. Çünki 1202-1203-cü illərdən az sonra Anadoluda "Gürcülərə qarşı savaşa" və "tatarlara qarşı müqavimətə" imkan və lüzum yox idi. İ.H.Uzunçarşılı , F.Köprülü, C.Zeynaloğlu, Z.V.Toğan və H.N.Orkun qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya Arqun xanın (1284-1291) dövründə gəldiklərini qeyd edirlər. Bu fikir türk tarixşünaslığında da təkrar edilməkdədir. Azərbaycan tarixşünaslığında həmin fikir qəbul olunmuşdur. Vaxtilə A.A.Bakıxanov qaraqoyunluların Arğun xanın dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi. Sonralar M.H.Baharlı və Ə.S.Sumbatzadə həmin müddəanı qəbul etmişlər. Ç.İbrahimov bu tayfanın yeni əraziyə gəlişini XII - XIII əsrlərə, M.Seyfəddini XI - XIII əsrlərə, K.E.Bosvort, D.Y.Yeremeyev, M.İsmayılov və Q.Qeybullayev isə XIII əsrin əvvəllərinə aid etmişlər. Z.Bünyadov və O.Əfəndiyev yazırlar ki, "ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar. Onların mülahizəsində obyektiv həqiqət vardır. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə 13 türkman tayfalarının qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Azərbaycan etnosunun mühüm hissəsini təşkil edirlər. Azərbaycan türkmanları tədricən Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. Bəzi tarixçilər Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər. Bu adın mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Z.V.Toğanın fikrincə, Təbərinin əsərində Barani türklərindən bəhs edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən - "Barani"lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar haqqında məlumat vermişdir. Yaqut Həməvi Buxaradan 5 Fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir. S.Q.Ağacanov da qeyd edir ki, baranilər mənşəcə Oğuz tayfalarından olmuş və X əsrin II yarısında bu sülalədən olan Əli xan Yenikənd oğuzlarının başına keçmişdir. Onun fikrincə, Rus səlnamələrində XI əsrin ortalarında Şərqi Avropanın içərilərinə daxil olduğu qeyd olunan "berendə" tayfasının adı ilə "barani" etnonimini eyniləşdirmək mümkündür. Bu terminlərin semantikası hər şeydən əvvəl totem mənşəlidir. Orta əsr müəllifiəri Qaraqoyunlu hökmdarlarının Baranilərdən olduğunu göstərirlər. Əbu Bəkr Tehrani də Qara Yusif Barani, Məhəmməd Nəşri və Aşiq Paşazadə də Cahanşah Baranlu kimi göstərilmişdir. Babur öz xatirələrində  Cahanşahı Barani kimi təqdim edir. Ə.Ə.Dehxuda öz "Lüğətnamə"sində "Barani"ni qədim türk tayfası kimi təqdim edir. "Bürhan-e qati" lüğətində də "Barani" qədim Türkman qəbiləsi kimi qeyd edilir. Gətirilən tarixi faktlar Barani Oğuz tayfasının qaraqoyunlularla sıxı əlaqəsinin olduğu qənaətinə gəlməyə imkan verir. Barani adının mənşəyi sülalənin və ya tayfanın totemi və himayəçisi olması ilə bağlı olmuşdur. V.Minorski "Barani" adının şəxs və tayfa adı deyil, yer adı olduğunu qeyd etmişdir. O, öz fıkrini Qaraqoyunlu sikkələrində göstərilmiş "Baran" adlı zərb yerinin, Mərv və Buxara yaxınlığında da Barani kəndlərinin olması ilə əsaslandırır. Faruq Sümer Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtilə pul kəsdikləri "Baran" adlı yerdən aldığını qeyd edərək V.Minorskinin fıkrini müdafiə edir. Ə.Çay bu adın şəxs adından yaranması qənaətindədir. Osman Turan İbn Tanriberdinin verdiyi məlumatlara əsaslanaraq Şərqi Anadoluda və Şimali Suriyada 1260-cı ildə Baranlu adlanan türk tayfasının yaşadığını göstərir. Ş.S.Zabit onların Monqol yürüşləri zamanı Azərbaycandan buraya köçdüklərini bildirir. F.Sümer Barani/Baranlu tayfası ilə bağlı olan etnonimin, yalnız Şərqi Anadoluda olması faktı ilə kifayətlənmişdir. Bu tayfa ilə bağlı olan etnonimlər Azərbaycanın həm şimal, həm də cənub bölgələrində və İran ərazisində hələ də öz varlığını yaşatmaqdadır. Azərbaycanın Salyan bölgəsində Baranikənd, Goranboyda Baranbet dağı, Təbriz-Üskü baş yolunun 2 km-də Baranlu kəndi və İranda Barani kənd, Barani kord kəndləri mövcuddur. "Baran" sözü qədim türklərdə daha çox "qoç" mə"nasında işlənmişdir. Başqırdlarda və tatarlarda bu istilah indi də həmin mənada işlənməkdədir. Şərqi Anadoluda da həmin söz "qoç" anlamında qalmaqdadır. Türk dillərinin müxtəlif dialektlərində "Baran" - "güc", "qüvvət" və "qoç" mənasındadır. F.Kırzıoğlu belə güman edir ki, Şərqi Anadoluda, Arsaqlılar dövründə qeyd olunan Duru-Baran əyaləti məhz burada Qaraqoyunluların məskunlaşmasından sonra bu adı almışdır. Çünki III əsrdən öncə heç bir mənbədə bu ada rast gəlmək mümkün deyildir. Qaraqoyunlu tayfa birliyini təşkil edən boyların və tayfaların Azərbaycanda məskunlaşması daha erkən dövrlərdən başlanmışdı. Türkiyə tarixçilərinin tədqiqatlarında bu tayfa birliyinə daxil olan müxtəlif tayfalar və boylar qaynaqlara əsasən araşdırılmışdır. Qaraqoyunlu tayfa birliyini öz ətrafında birləşdirmiş və bu birliyin özəyini təşkil edən Qaraqoyunlu tayfasıdır. Faruq Sümer belə güman edir ki, bu tayfa idarəçi, rəhbər rol oynaması əsasında özünün qəbiləvi mahiyyətini itirmişdi. Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. M.H.Baharlının tədqiqatlarında Azərbaycanın Cavanşir, Göyçay, Gəncə, Zəngəzur və Şəki qəzalarında Qaraqoyunlu oykonimləri aşkar edilmişdir. Son araşdırmalar da Azərbaycanın Ağsu, Bərdə, Qubadlı, Tərtər və Goranboy bölgələrində Qaraqoyunlu oykoniminin saxlanıldığını sübut etmişdir. İran ərazisində də Qaraqoyunlu oykonimi qalmaqdadır. Faruq Sümer Azərbaycanda və Şərqi Anadoluda izləri son dövrlərə qədər yaşayan bu tayfalarla Qaraqoyunlu tayfası arasında siyasi əlaqənin olduğunu göstərir. Qaraqoyunlu tayfa birliyində Sədlu tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Səd adlı bəyin adından almışdır. Hafiz Əbru və Əbdürrəzzaq Səmərqəndi Naxçıvanda və Sürməli bölgəsində qədim dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olmuş Sə"dlu tayfasının yaşadığını qeyd edirlər. Foma Metsopski də XIV əsrin sonunda Səd adlı igid türkman bəyi haqqında məlumat verməkdədir. XIV əsrin sonu, XV əsrin başlanğıcında Naxçıvan və Sürməli bölgəsi Əmir Səd başda olmaqla sədluların hakimiyyəti altında olmuşdur. Əmir Səd 1411-ci ilə qədər Çuxur-Səd bölgəsini idarə etmişdir. O, həmin ildə ölmüş və İrəvan yaxınlığında Gəfərabad kəndində dəfn olunmuşdur. Oğlu Pir Hüseyn 1413-cü ilin 11 oktyabrında onun qəbri üzərində məqbərə ucaltmış və ərəbcə mətn yazdırmışdır.

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti