Gənc Tamaşaçılar Teatrının aktyorları Kalmıkiyada təltif ediliblər

15:07 - 16 Noyabr 2016 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirilib. Konfrans teatrıın yaradıcı heyətinin Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində mükafatlandırılmaların a həsr olunub. 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, giriş sözü ilə çıxış edən Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov təəssüratlarını bölüşərək bu səfərin sayca 5-ci olduğunu bildirib: “Bildiyiniz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Kalmıik Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanmışdı. Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə də biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik. Bu dəfəki qastrol səfəri digərlərindən fərqlənirdi. Belə ki, səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutdu. Bir sıra digər ölkə teatrları və ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə istedadlı aktyorlarımız Səbinə Məmmədova və İlham Əsədov ölməz Üzeyir Hacıbəylinin musiqilərindən ibarət kompozisiya ilə çıxış etdi”. 

Mükafatlandırılanlar haqqında danışan direktorun sözlərinə görə, bu dəfəki qastrol səfəri olduqca məhsuldar keçib: “Qastrol səfərinin təntənəli bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər. Bundan başqa Əməkdar Artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında “mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları  ilə təltif olunublar”. 
Sonda mükafatçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. 


                                                                

Xəbər xətti