Azərbaycanda ali qanunverici orqan yaradılır

18:45 - 15 Noyabr 2016 - KİVDF

Təkpalatalı parlament əsasən 120 nəfərdən ibarət olmalı idi


Fevral burjua- demokratik inqilabından sonra çağırılmış Qafqaz müsəlmanları qurultayının qərarına əsasən 1917- ci ilin noyabrında Azərbaycan müəssisələr məclisinə seçkilər keçirilməli idi. Mürəkkəb siyasi vəziyyət bu qərarın həyata keçirilməsinə mane oldu. Tarix elmlər doktoru Nəsib Nəsibli yazır: " Ümumrusiya müəssisələr məclisinin qovulmasından sonra Zaqafqaziyadan seçilmiş nümayəndələr Tiflisə toplanıb, Zaqafqaziya seymini yaratdılar. Ümumrusiya müəsissələr məclisinə ümumi, bərabər, qapalı seçkilər yolu ilə seçilmiş 14 müsəlman deputatı bir milyondan çox səs toplamışdı. Odur ki, seymin tərkibinin genişlənməsi (kooptasiyası) nəticəsində müsəlman deputatlarının sayı səsvermənin nəticələrinə müvafiq olaraq 44-də çatdı. Onlar seymin müsəlman fraksiyasını təşkil edirdilər. Fraksiyanın sədri M. Ə. Rəsulzadə idi. Zaqafqaziya seymi və Zaqafqaziya Federativ Demokratik Respublikası da uzunömürlü olmadı, gürcü nümayəndələrinin 1918 -ci ilin mayın 26- da seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etməsindən sonra müsəlman fraksiyası millətin gələcək taleyinin müəyyən olunmasını öz əlinə almaq məcburiyyətində qaldı. Müsəlman fraksiyası elə həmin gün özünü Azərbaycan Milli Şurası elan etdi. 1918 -ci ilin may ayının 28-də İstiqlal bəyannaməsi ilə Azərbaycan Milli Şurası müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığına dünyaya bildirdi. İstiqlal bəyannaməsinin sonuncu maddəsinə əsasən müəssisələr məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında Milli Şuranın durduğu, müvəqqəti hökümətin onun qarşısında məsuliyyət daşıdığı göstərilirdi. Azərbaycan Milli Şurasının və Fətəli xan Xoyskinin başçılıq etdiyi müvəqqəti hökümətin Gəncəyə keçməsi ilə Azərbaycandakı siyasi qüvvələr arasında mübarizə qızışdı. Millətin fiziki varlığını qorumaq və milli hökümətin bütün Azərbaycan ərazisində hakimiyyətini bərqərar etmək üçün çağırılmış Türkiyə hərbi hissələrindən müxtəlif cərəyanlar öz xeyirlərinə istifadə etməyə çalışdılar. Türkiyə ilə birləşməyi tələb edən ilhaqçılar Azərbaycan Milli Şurasının müstəqil Azərbaycan şüarına qarşı çıxır, digər tərəfdən bir sıra mürtəce qüvvələr Milli Şuranın demokratik xarakterindən xoflanırdılar. Onlar Milli Şura üzvlərini xalqın gözündən salmağa çalışır, ziyalıları Osmanlı qoşun hissələrinin Azərbaycana çağırılmasına mane olmağda ittiham edir, hətta -ermənilərə satıldıqları haqqında belə şaiyələr yaymaqdan çəkinmirdilər".
Türkiyə hərbi hissələrinin komandiri Nuru paşa sonuncuların ondan öz məqsədləri üçün istifadə etməsinə etiraz edib, yalnız əsgər olduğunu və siyasətə qarışmayacağını bildirmişdi. Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlunun (Ağayevin) fəal iştirakı ilə bütün hakimiyyətin Fətəli xan Xoyski hökümətinin əlində cəmləşməsi haqqında kompromis qərar qəbul edildi. 1918-ci ilin 17 iyun tarixli qərarı ilə Azərbaycan Milli Şurası özünü buraxılmış elan etdi. Bununla belə qərara alındı ki, lazımi hazırlıq işləri aparılandan sonra Azərbaycan müəssisələr məclisinə altı ay müddətində seçkilər keçiriləcəkdir. Lakin milli hakimiyyətin bütün Azərbaycanda bərqərar olması prosesi, xüsusən Bakı Soveti və Sentrokaspi diktaturası ilə müharibənin sentyabrın 15-dək uzanması, müəssisələr məclisinə seçkilərin hazırlanması və keçirilməsini təxirə saldı. Sentyabrın 14 -də hökümətin qərarı ilə müəsissələr məclisinə serçkilər üzrə Nazirlər Şurasının sədri, daxili işlər naziri və xalq maarif nazirlərinə komissiya yaratmaq tapşırıldı. Bu komissiyanın tərkibi və işinin əsas istiqamətinin müəyyən olunması sahəsində tezliklə iş başlandı. Lakin noyabr ayında Azərbaycanın beynəlxalq vəziyyəti yenidən kəskin şəkildə dəyişdi. Mudros barışıq müqaviləsinə əsasən müharibədə məğlub olmuş Türkiyə öz qoşunlarını Azərbaycandan çıxarmalı, Bakını Antanta adından ingilislər işğal etməli idilər. Öz tabeliyində az- çox dərəcədə qüdrətli qoşun hissələri olmayan Azərbaycan höküməti və yenidən toplanmış Azərbaycan Milli Şurası istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı Tomsonla dil tapmaq siyasəti yeritmək məcburuyyətində qaldı. "Denikin Rusiyasının mütəffiqi kimi ingilis generalı nəinki Azərbaycanın istiqlalı prinsipini qəbul etmir, hətta Azırbaycan xalqının ümumi səsverməsinə əsaslanan respublikanın yoxluğunu və onun türk komandanlığının intriqası ilə yaranmış bir hökümətin olduğunu iddia edirdi. Bununla belə Ənzəlidə ikən o, madam ki, siz bunun əksini iddia edirsiniz, onda gəlib, yerindəcə təhqiq edər, ona əsasən qərar verərik demişdi. İngilis qoşunlarının noyabrın 17-də Bakıya gəlməsindən üç gün sonra Azərbaycan Milli Şurasının ikinci iclasında (yeni dövrdə Şuranın birinci iclası noyabrın 16-da olmuşdu) Azərbaycanda müvəqqəti ali qanunverici orqanın yaradılması haqqında qanun verildi. Təkpalatalı parlament (parlaman, məclisi – məbusan da deyirdilər) bu qanuna əsasən 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 nəfər üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təçkil edən yerli müsəlman əhalidən (2,75 milyonluq ümumi əhalinin 1,9 milyonu) daha 36 nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Bu nümayəndələrdən beşi Bakıdan, ikisi (biri çəhər, biri mahal əhalisindən) Göyçaydan, ikisi Cavaddan, üçü Qubadan, ikisi Lənkərandan, ikisi Şamaxıdan, üçü Gəncədən, ikisi Ərəşdən, biri Cavanşirdən, ikisi Zəngəzurdan, biri Qazaxdan, biri Cəbrayıldan, ikisi Nuxadan, ikisi Şuşadan, ikisi Zaqataladan, üçü keçmiş İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad), birisi isə keçmiş Tiflis quberniyasının Azərbaycan hissəsindən (Borçalı) seçilməli idi. Şəhərlərdən olan millət vəkilləri bələdiyyə idarələrinin müsəlman üzvləri tərəfindən, mahalların nümayəndələri isə müvafiq mahalın milli komitələri tərəfindən, seçilməli idi. Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min idi) gələcək parlamentdə 21 yer ayrıldı. Gəncə , Şuşa və Bakıda olan erməni milli komitələri müvafiq olaraq 8; 8 və 5 nümayəndə göndərə bilərdi. Bakıda olan Rus Milli Şurasına 10 yer ayrılırdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara hərəsi bir nümayəndə seçib, parlamentə göndərmək hüququ verilirdi. Bakı həmkarlar təşkilatı 3, Bakı neft sənayəçiləri şurası və Ticarət-sənaye ittifaqı 2 nümayəndə kürsüsünə malik idi. Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib – seçilmək hüququ verilirdi. Parlament haqqındakı bu qanunun elan edilməsindən sonra Bakıda siyasi mübarizə son dərəcə kəskinləşdi. Xüsusən Azərbaycanda məskun olan qeyri -yerli əhali bu qanunu düşməncəsinə qarşıladı. Həmin münasibət dekabrın əvvəllərində Bakıda bir sıra siyasi partiyaların nümayəndələrindən ibarət Demokratik müşavirə deyilən yığıncaqlarda da özünü göstərdi", tarixçi yazır. 

Müşavirədə iştirak edən eser (Saakyan), menşevik (Baqaturov), bund (Blumşteyn) partiyalarının və həmkarlar ittifaqları şurasının nümayəndələri (Kojannı, Roxlin) qəti surətdə Azərbaycan istiqlalı prinsipinə qarşı çıxıb, parlamentin yaranmasını böyük, bölünməz Rusiyaya qarşı xəyanət hesab etdiklərini bildirdilər. Müsavat partiyasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli öz çıxışında Musavat partiyasının istiqlaliyyət uğrunda qəti mübarizəyə hazır olduğunu demiş, Azərbaycanda olan demokratik qüvvələrin parlament vasitəsi ilə yeni Azərbaycanın qurulmasında iştirak etməyə çağırmışdır. 
(ardı var)

Xəbər xətti