ABŞ-da uçot dərəcəsinin bu il artırılacağı ilə bağlı ehtimallar 90%-i ötüb

17:24 - 14 Noyabr 2016 - İQTİSADİYYAT

 ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin  artırılacağı ilə bağlı ehtimallar bu gün, noyabrın 14-də 91%-ə yuksəlib. "Report"un "İnvesting.com" saytına istinadən verdiyi xəbərə görə, ehtimallar keçən həftənin cümə günü, noyabrın 11-də 81,1%, 8 noyabr - ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış isə 71,5% olub. Qeyd edək ki, D.Trampın prezident seçilməsi ilə bağlı nəticələr açıqlandıqda bu ehtimallar hətta qısamüddətli olaraq 54%-ə enib.
FES-in uçot dərəcəsini artırması ehtimallarının yüksəlməsi D.Trampın fiskal stimullaşdırma, infrastruktur xərclərinin artırılması ilə bağlı bəyanatları fonunda maliyyə vəsaitlərinə ehtiyacın yaranması və nəticədə, faizlərin və inflyasiyanın artacağı gözləntiləri ilə əsaslandırılır. Nəticədə, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik 11,2 bənd artaraq 2,229%-ə, 30 illik - 9,5 bənd artaraq 3,009%-ə, 2 illik istiqrazlar üzrə isə 6,9 bənd artaraq 0,976%-ə yüksəlib.
Xatırladaq ki, seçkilərə bir neçə gün qalmış ABŞ-da 10 illik istiqrazların faiz dərəcəsi 1,8%-dən aşağı olub.

Xəbər xətti