Suriyada Rusiya helikopteri vuruldu- VİDEO

13:41 - 4 Noyabr 2016 - DÜNYA

Noyabrın 4-də Suriyada rus vertolyotunun vurulma anının görüntüləri yayılıb. Teleqraf.com-un məlumatına görə, vertolyot İŞİD terror təşkilatının silahlıları tərəfindən idarəolunan raketlə ölkənin şərq vilayəti Homsda məhv edilib.
Yayılan kadrlardan görünür ki, vertolyotlardan biri yerdədir, digəri isə havaya qalxır. Bu anda yerdə dayanmış vertolyot raketlə vurulur. Partlayışdan sonra yanğın başlayır və yanan vertolyotdan qatı tüstü qalxır. Bir qədər sonra yanan vertolyotun yanında daha bir vertolyot peyda olur. Bunun az əvvəl havaya qalxan, yoxsa başqa vertolyot olduğunu müəyyənləşdirmək mümkün olmur.
Rusiya Müdafiə Nazirliyi olayla bağlı bildirib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot məcburi eniş edib və bu zaman minaatandan hücuma məruz qalıb. Məlumatda bildirilir ki, vertolyotun ekipajı ziyan çəkməyib və onlar axtarış-xilasetmə vertolyotu vastitəsilə Hmeymim aviabazasına çatdırılıblar.

Xəbər xətti