Miçel: "Çətin oyun olacağını bilirdik"

11:07 - 4 Noyabr 2016 - İDMAN

"Qarabağ"ın futbolçusu Miçel Madera Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Ağdam klubunun qələbə qolununun müəllifi olan oyunçu qrupdan çıxmaq şanslarını dəyərləndirib.


- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Bu görüşdə azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.


- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...
- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.


- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?
- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.


- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...
- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra "pley-off"a adladığımızı əminliklə söyləmək olar.


- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?
- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.

Xəbər xətti