Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası arasında dərin hərbi-siyasi ziddiyyətlər vardı

18:17 - 3 Noyabr 2016 - KİVDF

"Qaraman böhranı" Ağqoyunlu-Osmanlı ziddiyyətlərini müharibə həddinə yaxınlaşdırdı


Osmanlı imperiyası ilə labüd müharibənin yaxınlaşdığı bir zamanda Uzun Həsən, Qaraman ərazisini heç cür itirmək istəmirdi. Çünki Türkiyə XV əsrin II yarısında odlu silahlara, xüsusən ağır toplara malik olan qüvvətli dövlət idi. Ağqoyunlu ordusunun isə odlu silahları yox idi. Buna görə də Uzun Həsən osmanlıları məğlub etmək üçün, necə olursa olsun, odlu silahlar ələ keçirməyə çalışırdı. Bunu isə o zaman ancaq Qərb ölkələrindən almaq olardı. Bu mənada Qaraman Avropadan odlu silahlar almaqdan ötrü yeganə və ən əlverişli məntəqə idi. Qaramanın II Mehmed tərəfindən alınması Uzun Həsənin qarşıdakı müharibədə qələbə ümidini itirməsi demək idi. Beləliklə, XV əsrin 60-cı illərində Qaraman bəyliyi özünün son illərini yaşayırdı. Osmanlı sultanı Qaramanı işğal etmək üçün fürsət gözləyirdi. Belə bir şəraitdə 1464-cü il avqustun 4-də Qaraman əmiri İbrahim öldü. Onun böyük oğlu - qanuni vəliəhd İsaq Qaraman taxtına əyləşdi. Fürsətdən istifadə edən II Mehmed İbrahimin digər oğullarmı - öz xalası oğullarını İsaqa qarşı qaldırdı. Sultandan yardım alan Pir Əhməd İsaqı məğlub edib Qaraman taxtmı ələ keçirdi. Bundan narazı qalan İsaq Uzun Həsənə müraciət etdi. Öz növbəsində Uzun Həsən də fürsəti əldən vermədi. O, Qaramana qoşun çəkdi və Osmanlı hərbi qüvvələri ilə birləşən Pir Əhmədi məğlub edib İsaqı yenidən taxta əyləşdirdi. Lakin İsaqın hakimiyyəti bu dəfə də uzun sürmədi. Pir Əhməd Osmanlı qoşunlarının köməyi ilə yenidən Qaraman taxtını ələ keçirdi. İsaq kömək almaq üçün Uzun Həsənin yanına qaçdı. Lakin Cahanşahla həlledici döyüşə hazırlaşan Ağqoyunlu hökmdarı bu dəfə öz müttəfiqinə yardım edə bilmədi. "Qaraman məsələsi"ndə ilk müvəffəqiyyətsizliyə uğrayan Ağqoyunlu hökmdarı Türkiyənin şərqdəki müttəfiqləri ilə mübarizəyə girişdi. 1464-1469-cu illər ərzində bir-birinin dalınca böyük qələbələr qazandı. Qərbi Avropa ölkələri, o cümlədən Venesiya, Türkiyəyə qarşı Ağqoyunlu dövləti ilə əlaqələrini genişləndirmək qərarına gəldilər. Öz növbəsində Uzun Həsən də osmanlılara qarşı Venesiyanın və digər Avropa dövlətlərinin hərbi qüvvələrindən istifadə etmək istəyirdi. XV əsrin 60-cı illərinin sonuna yaxın Ağqoyunlu dövləti ilə Venesiya respublikasının Türkiyə əleyhinə birləşməsi üçün şərait yetişirdi. Bütün bunları vaxtında qiymətləndirən II Mehmed Avropada hərbi əməliyyatları dayandırdı: Venesiya və Macarıstanla sülh danışıqlarına başladı. Qərbdəki bu iki əsas düşmənin başını qatan sultan 1468-ci ilin baharında yaxşı təlim görmüş Osmanlı ordusunun başında Anadoluya çıxdı və Qaramana hücum etdi. II Mehmed Türkiyə qoşunlarından qat-qat az hərbi qüvvəyə malik olan Pir Əhmədi məğlub edərək, asanlıqla Qaramanın paytaxtı Konyanı aldı. Bununla Anadolunun cənub-qərbində uzun zaman Türkiyəyə qarşı mübarizə aparan Qaraman bəyliyinin varlığına son qoyuldu. Ağqoyunlu dövləti Aralıq dənizinə əlverişli çıxış yolundan məhrum edildi. Uzun Həsənin Osmanlı imperiyasını məğlub etmək üçün Avropadan odlu silah almaq imkanı aradan qaldırıldı. Lakin, ölkənin dağlıq yerlərində, xüsusilə Aralıq dənizi sahili rayonunda möhkəmlənən Qaraman şahzadələri osmanlılara qarşı mübarizəyə başladılar. Qaramanın sahil rayonu yenə də Qaraman şahzadələrinin nəzarəti altında qaldı. Beləliklə, sultanın iki təhlükəli düşməninin "Qaraman məsələsi"nə qarışmaq ehtimalı tamamilə aradan qaldırılmadı. "Qaraman məsələsi"ni diqqət mərkəzində saxlayan II Mehmed, bir-birinin ardınca Osmanlı ordusunda şöhrət tapmış Rumlu Mehmed paşanı (1469), İsaq paşanı (1470) və Gədik Əhməd paşanı (1471) buraya göndərdi. Uzun Həsən sultandan Qaraman işlərinə qarışmamağı tələb etdisə də, bu heç bir nəticə vermədi. Görkəmli diplomat Sara Xatunun Türkiyə sultanı ilə Qaramanı öz keçmiş hakimlərinə qaytarmaq haqqındakı danışıqları da faydasız qaldı. "Qaraman böhranı" Ağqoyunlu-Osmanlı ziddiyyətlərini müharibə həddinə yaxınlaşdırmaqda idi. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası arasında dərin hərbi-siyasi ziddiyyətlər də vardı. Sultan II Mehmed Ağqoyunlu dövlətinin ərazisini Osmanlı imperiyasına qatmaq niyyətində idi. Lakin Ağqoyunlu dövlətinin Türkiyə ilə əlaqədar xarici siyasətinə gəldikdə isə, bu məsələnin tədqiq olunmalı, dəqiqləşdirilməli cəhətləri çoxdur. Ağqoyunlu dövlətinin Osmanlı imperiyası ilə əlaqədar xarici siyasət tarixini elmi baxımdan düzgün qiymətləndirmək üçün Ağqoyunlu-Osmanlı münasibətləri tarixini iki dövrə bölmək lazımdır: birinci dövr, Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən əvvəl Ağqoyunlu-Türkiyə münasibətləri; ikinci dövr, Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən sonra Ağqoyunlu-Türkiyə münasibətləri. Birinci dövrdə Ağqoyunlu dövləti Dəclə və Fərat çaylarının yuxarılarında yerləşməklə paytaxtı Diyarbəkr olan kiçik bir bəylik idi. Ağqoyunlu hakimləri ilə osmanlı sultanları arasında ənənəvi düşmənçilik münasibətləri vardı. Ağqoyunlular Anqara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində vuruşduqdan sonra Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi. Osmanlı sultanları bu kiçik, lakin təhlükəli dövləti aradan qaldırmaq üçün məqam gözləyirdilər. Buna görə də, XV əsrin ortalarında Osmanlı fəthləri genişləndikdə Ağqoyunlu dövlətinin beynəlxalq vəziyyəti çox pisləşdi. Bu dövlətin sultan II Mehmed tərəfindən aradan qaldırılması təhlükəsi yarandı. Lakin, Osmanlı dövləti bu zaman Ağqoyunlular üçün yeganə xarici təhlükə deyildi. Ağqoyunluların ənənəvi rəqibi olan Qaraqoyunlular da Diyarbəkirə hücum etməyə hazırlaşırdılar. Qaraqoyunlu Cahanşah Ağqoyunlulara qarşı həm də teymurilərlə ittifaqa girmişdi (1459) və Sultan II Mehmedlə dostluq əlaqələri saxlayırdı ∗ . Beləliklə, o zaman, Ön Asiya və Orta Şərqin üç ən iri dövləti kiçik Ağqoyunlu bəyliyinə qarşı düşmən cəbhədə birləşmişdi. Belə mürəkkəb şəraitdə, yəni iki təhlükəli rəqib arasında (qərbdə Türkiyə, şərqdə isə Qaraqoyunlu dövləti) qalan Ağqoyunlu dövləti öz müstəqilliyini qoruyub saxlamaq siyasəti yeridirdi. Ağqoyunlu Uzun Həsən məqsədinə nail olmaq üçün fəal xarici siyasət yeridirdi. O, bir tərəfdən, II Mehmedin xarici siyasətindən narahat olan bütün Ön Asiya hakimləri ilə ittifaq bağlayır, onları Türkiyəyə qarşı mübarizədə müdafiə edir, Osmanlı dövlətinin Ön Asiyada genişlənməsinə əngəl törədir, fürsət ələ düşdükdə isə silaha da əl atırdı (məsələn, Qoyluhisar və Qaraman hadisələri). Digər tərəfdən isə, Uzun Həsən Qərb dövlətləri ilə əlaqə yaradır, onları Türkiyəyə qarşı qaldırmağa, beləliklə, sultanın hərbi qüvvələrini Avropada məşğul etməyə çalışırdı. Ağqoyunlu hökmdarı istəyirdi ki, bu yolla həm öz müstəqilliyini saxlasın, həm Türkiyənin şərqə doğru genişlənməsinə mane olsun, həm də vaxt qazanıb Qaraqoyunlu dövləti ilə mübarizəni başa çatdırsın. Beləliklə, göstərdiyimiz dövrdə Ağqoyunlu dövlətinin Türkiyə ilə əlaqədar siyasəti, əsasən özünü xarici təcavüzdən müdafiə etmək xarakteri daşıyırdı. Mahir sərkərdə və dövlət başçısı olan Uzun Həsən (1453-1478) göstərilən xarici siyasət xəttini uğurla yerinə yetirdi. Bu işdə hökmdarın anası, görkəmli diplomat Sara Xatunun da mühüm rolu oldu. 1467-ci ildə sultan II Mehmed tərəfindən qızışdırılan Qaraqoyunlu Cahanşah özünün bütün hərbi qüvvələri ilə Diyarbəkrə hücum etdi. II Mehmed Amasya hakimi olan oğlu şahzadə Bəyazidə göstəriş verdi ki, Uzun Həsənə qarşı Cahanşaha yardım göstərsin. Lakin Qaraqoyunlu qoşunları Ağqoyunluların möhkəm müdafiə xətlərini yara bilmədilər və geri çəkilməyə məcbur oldular. Yaranmış əlverişli vəziyyətdən istifadə edən Uzun Həsən əks-hücuma keçdi və 1467-ci ildə Ərzincan yaxınlığında parlaq qələbə qazandı. Bundan sonra Cahanşahın oğlu Həsənəlini də məğlub edən Ağqoyunlular 1468-ci ilin baharında Kürdən cənuba bütün Azərbaycanı aldılar. Qaraqoyunlu dövləti dağıldı. Onun ərazisini fəth edən Ağqoyunlu dövləti daha da gücləndi. Təbriz bu dövlətin paytaxtı, Azərbaycan (Kürdən cənuba) isə mərkəzi vilayəti oldu. 1468-ci ildə teymuri Əbu Səid öz müttəfiqi olan Qaraqoyunluların hakimiyyətini bərpa etmək bəhanəsilə Azərbaycana yürüş etdi. Şirvanşahlarla və Ərdəbil hakimi Şeyx Heydərlə ittifaq bağlayan Ağqoyunlu hökmdarı 1468-ci ilin payızında Qızılağac və Mahmudabad yaxınlığında Əbu Səidin 27 min nəfərlik ordusunu darmadağın etdi. Teymurilər dövləti, müvəqqəti də olsa, Ağqoyunlulardan asılı vəziyyətə düşdü. Beləliklə, az vaxt ərzində iki təhlükəli düşməni aradan qaldıran Uzun Həsən Kürdən cənubdakı Azərbaycan torpaqlan (Ərdəbil mahalı müstəsna olmaqla), Şərqi Anadolu, İraq və bütün Qərbi İranı əhatə edən geniş ərazili imperiya yaratdı. Ayrı-ayrı vaxtlarda Tiflis də daxil olmaqla Şimal-Şərqi Gürcüstan və Şəki əmirliyini də Ağqoyunlu canişinləri idarə edirdilər. Nəticədə Ağqoyunlu imperiyası Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi qüvvəyə çevrildi. Bu vaxtdan etibarən Ağqoyunlu-Osmanlı münasibətlərinin ikinci dövrü başlayır. Ağqoyunlu Uzun Həsən qaraqoyunlu Cahanşahı və teymuri Əbu Səidi məğlub etdikdən sonra öz başlıca düşməni II Mehmedə qarşı qəti olaraq müharibəyə hazırlaşmağa başladı. Osmanlı imperiyasına qarşı mübarizə XV əsrin 60-cı illərinin sonuna yaxın Ağqoyunlu dövləti xarici siyasətinin əsas məsələsinə çevrildi. AğqoyunluTürkiyə münasibətlərinin bu dövründə Uzun Həsən osmanlılara qarşı hərbi ittifaq yaradılmasının əsas təşkilatçısı idi. Bu vaxtdan Ağqoyunlu dövlətinin Türkiyəyə qarşı xarici siyasətinin xarakteri də dəyişir. Uzun Həsən Osmanlı dövlətini aradan qaldırıb bütün Kiçik Asiyanı (hətta Dardanel və Bosfor boğazlarını da) ələ keçirərək Avropa ölkələri ilə bilavasitə ticarət əlaqəsi yaratmağa çalışırdı. Beləliklə, II Mehmed kimi Ağqoyunlu hökmdarı Uzun Həsənin də fəal xarici siyasət planları vardı

Yaqub Mahmudov 
AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı 

(ardı var)

Xəbər xətti