Misir "üzən məzənnə" siyasətinə keçib

14:22 - 3 Noyabr 2016 - İQTİSADİYYAT

 Misir Mərkəzi Bankı sərbəst məzənnə siyasətinə keçib və uçot dərəcəsini 3 faiz bəndi artırıb.  "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bankın rəsmi açıqlamasına əsasən, bundan sonra milli valyuta - Misir funtunun məzənnəsi tələb/təklif əsasında sərbəst valyuta bazarında formalaşacaq. Bankın rəhbəri Tarik Əmir valyuta məzənnəsinin liberallaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Misir, Süveyş kanalından gəlirlərinin azalması, Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra turistlərin sayının 70% azalması ilə iqtisadi böhranla üzləşib. Valyuta ehtiyatlarındakı azalma Misir funtunun devalvasiyasına səbəb olub. Əgər bir il öncə Misirdə 1 ABŞ dollarının məzənnəsi 8 funt idisə, hazırda 17 funta bərabərdir. Hökumətin 3 ay əvvəl ölkədə valyutadəyişmə məntəqələrini bağlaması "qara bazar"ın yaranmasına səbəb olub. Ölkədə qida, xüsusilə, şəkər qıtlığı müşahidə olunur.

Xəbər xətti