Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatun mühüm rol oynayırdı

18:14 - 2 Noyabr 2016 - KİVDF

Uzun Həsən ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi


 Qoyluhisardan sonra II Mehmed Trabzona hücum zamanı arxadan təhlükəsizliyini təmin etmək üçün əvvəlcə Ağqoyunlu dövlətini aradan qaldırmaq qərarına gəldi. Osmanlı qoşunları Ağqoyunlu sərhədini keçib sürətlə Ərzincana tərəf yürüş etdi. 
Sultan Ərzincan yaxınlığındakı Yassıçəmən yaylağında düşərgə saldı və Ağqoyunlularla həlledici döyüşə hazırlaşmağa başladı. Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşdü. Çünki bu zaman Uzun Həsən öz keçmiş rəqibi Qaraqoyunlularla mübarizə aparırdı. Teymuri Əbu Səid və Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. Ağqoyunlu dövləti iki təhlükəli düşmən arasında qalmışdı. Beləliklə, o zaman hələ kiçik bəylik olan Ağqoyunlu dövlətinin aradan qaldırılması təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə - II Mehmedin hərbi düşərgəsinə bir elçi heyəti göndərdi. Ağqoyunlu elçilərinə Sara Xatun başçılıq edirdi. Ağqoyunlu dövlətinin xarici siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatunun böyük rolu vardı. Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara Xatun, Avropa ölkələrində də yaxşı tanınırdı. O, bir dövlət xadimi kimi Ağqoyunlu dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal dağınıqlığına və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə, saray çəkişmələrinə qarşı mübarizə edirdi. Ağqoyunlu hakimi Əli bəyin ölümündən sonra onun oğulları, habelə Bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxttac uğrunda ara müharibələrini sakitləşdirməkdə də onun böyük rolu olmuşdu. Bunun nəticəsində həmin dövrdə hələ kiçik bəylik olan Ağqoyunlu dövləti Osmanlı Türkiyəsi ilə Qaraqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı və tədbirli qadın olan Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu-Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Uzun Həsən, xüsusilə xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara Xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara Xatun göndərilmişdi. Sara Xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur. Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun Sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh, hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu Sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduqdan sonra Sara Xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmed bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. İki ölkə arasında, Ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki yerlərə hücum etməməsi və Türkiyə qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Sara Xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bildi. Lakin Sara Xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi: sultanı Trabzon yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərmək mümkün olmadı. Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmed Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Buna görə də Sara Xatun başda olmaqla Ağqoyunlu elçilərini də özü ilə götürdü∗ . Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən döndərməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. 1461-ci il oktyabrın 26-da Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü. Bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Sara Xatunla birlikdə, Yassıçəməndə bağlanmış müqaviləni təzələmək üçün sultanın elçiləri də Ağqoyunlu sarayına gəldilər. Bununla Osmanlı sultanı qərbdəki fəthlərini həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Ağqoyunlu-Türkiyə münasibətləri kəskinləşdi. Qaraman hadisələri Ağqoyunlu-Osmanlı ziddiyyətlərini son həddə çatdırdı. Aralıq dənizi sahilində - çox əlverişli coğrafi mövqedə yerləşən Qaraman bəyliyi bütün Anadolu yarımadasını ələ keçirməyə çalışan Osmanlı dövləti ilə, Qərbi Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa çalışan Ağqoyunlu dövləti arasında mənafelərin düyün nöqtəsi idi. Osmanlı Türkiyəsinin Kiçik Asiyada genişlənməsindən təhlükəyə düşən Qaraman bəyləri Misir, Kipr, Rodos, Balkan knyazlıqları ilə əlaqə saxlayır, Avropa ölkələri ilə danışıqlar aparırdılar. Qaraman əmirliyi Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Venesiya ilə ittifaqda idi. Qaraman əmirliyi mühüm hərbi-strateji məntəqə idi. Bu dost ölkənin ərazisi Ağqoyunlular üçün Aralıq dənizinə yeganə çıxış yolu idi. Osmanlı imperiyasının iki başlıca düşməni - Ağqoyunlu dövləti və Venesiya respublikası məhz burada birləşə bilərdilər. Uzun Həsənin Avropaya göndərdiyi elçilər Qaramandan keçib gedirdilər. Ağqoyunlular Qaraman ərazisində, həm də avropalılarla geniş ticarət əlaqəsi saxlayırdılar. Trabzonun işğalından sonra Qara dəniz ticarətindən məhrum olmuş Ağqoyunlular üçün Qaramanın ticarət əhəmiyyəti daha da artmışdı. Bundan başqa, Qaraman osmanlılara qarşı Ağqoyunlu dövlətinin ənənəvi müttəfiqi idi. Qaraman ərazisinin Ağqoyunlu dövləti üçün hərbi-strateji məntəqə kimi əhəmiyyəti daha böyük idi. Osmanlı imperiyası ilə labüd müharibənin yaxınlaşdığı bir zamanda Uzun Həsən, Qaraman ərazisini heç cür itirmək istəmirdi. Çünki Türkiyə XV əsrin II yarısında odlu silahlara, xüsusən ağır toplara malik olan qüvvətli dövlət idi. Ağqoyunlu ordusunun isə odlu silahları yox idi.
Yaqub Mahmudov

AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi,
Dövlət Mükafatı laureatı
(ardı var)

Xəbər xətti