Hillari Klinton ABŞ prezidentliyi uğrunda yarışda liderliyini davam etdirir

15:44 - 1 Noyabr 2016 - DÜNYA

 Demokratlar Partiyasından namizəd Hillari Klinton ABŞ prezidentliyi uğrunda yarışda liderliyini davam etdirir. "Report"un ABŞ-a ezam olunmuş müxbirinin verdiyi məlumata görə, "Reuters" agentliyinin "Ipsos" qlobal bazar araşdırmaları şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, Hillari Klinton FTB-nin onun barəsində apardığı istintaqla əlaqədar yaranmış qalmaqala baxmayaraq, Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı 5% qabaqlayır. Belə ki, rəyi soruşulanların 44%-i H.Klintonu, 39%-i isə D.Trampın namizədliyini dəstəkləyib. Bu nəticələri FTB-nin bəyanatından əvvəlki dövr ilə müqayisə etsək, cəmi 1%-lik fərqin olduğu üzə çıxar: keçmiş dövlət katibi bir müddət əvvəl respublikaçı rəqibini 6% qabaqlayırdı.

Eyni zamanda, digər sorğu və proqnozların nəticələri H.Klintonun əsas rəqibi D.Trampdan böyük fərqlə irəlidə olduğunu göstərir. Belə ki, "fivethirtyeight.com" analitik saytının proqnozuna görə, H.Klintonun uğur qazanmaq şansı 75,2% təşkil edirsə, D.Trampda bu rəqəm 24,8%-dir. Eyni zamanda, onların araşdırmalarına görə, H.Klinton seçicilərin 311-nin, D.Tramp isə 225-nin səsini qazanacaq (seçkini qazanmaq üçün namizəd 270 seçici səsi toplamalıdır - red.).
Onu da əlvə edək ki, ABŞ əhalisinin 49,2% H.Klintonun, 44,5%-i isə D.Trampın namizədliyini dəstəkləyir.

Xəbər xətti