Dövlət Komitəsi sədrinin müavini: "Radikal fikirlər səsləndirənlər əsasən xaricdə dini təhsil alan şəxslərdir"

14:36 - 28 Oktyabr 2016 - ÖLKƏ İÇİ

"Məhərrəm ayında, xüsusilə Aşurada bəzi radikal fikirlər səsləndirənlərin əsasən xaricdə dini təhsil alan şəxslərin olduğu müəyyənləşib". Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, xaricdə təhsil alanlar yad ideologiyanı yaymağa çalışırlar: "Həmin şəxslər xaricdə təhsil aldıqları zaman onlara aşılanan yad ideologiyanı öz ətraflarında yaymağa çalışırlar".

Dövlət Komitəsi sədrinin müavini bildirib ki, hazırda hədəf dini radikalizmin fəsadları, nəticələri ilə yanaşı, eyni zamanda onun səbəbləri ilə mübarizə aparmaqdır: "Aparılan monitorinqlər vasitəsilə dini radikalizmin yayılma səbəbləri müəyyənləşdirilməyə çalışılır. Aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları və icra strukturları ilə bu məsələlər daim müzakirə olunur".

S.Heydərov qeyd edib ki, qanunvericiliyə edilən dəyişiklik artıq xaricdə təhsil alanların dini ayinləri həyata keçirməsinə icazə vermir: "Bu, əvvəldən vəzifəyə təyin olunan şəxslərə şamil olunmur. Əvvələr bu cür şəxslər vəzifəyə təyin olunur və onların dini ayinləri keçirməsinə icazə verilirdi. Onlar müəyyən proseslərdən, yoxlamalardan keçiblər. Özü də xaricdə dini təhsil alan şəxslərin heç də hamısı radikal təsirlərə məruz qalmayıblar. Həmin şəxslərdən kimsə də Azərbaycanda dini təhsil alarsa, axund və imam kimi vəzifələri icra etmələrinə icazə veriləcək. Amma onların da fəaliyyətinə daim diqqət yetiriləcək. Kimlərsə neqativ təsirlərə məruz qalaraq müəyyən yad ideologiyaların yayılmasına rəvac verərsə, vəzifəsindən kənarlaşdırılacaq".  

Xəbər xətti