MTRŞ: Bəzi telekanallar serialların çəkilişi üçün ayrılan vəsaiti saxta yollarla israf etməyə cəhd edib

13:00 - 28 Oktyabr 2016 - ÖLKƏ İÇİ

“Yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı”. APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin “Xalq” qəzetində dərc olunan məqaləsində deyilir. Q.Cəbiyev bildirib ki, bunu nəzərə alaraq prezident İlham Əliyev 2012-ci və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon dollar həcmində yardım ayırıb: “Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmnunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərilərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı”.

Xəbər xətti