Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

11:20 - 27 Oktyabr 2016 - Xəbər

Gənclər Təşkilatları Milli Şurasının Beynəxalq Əlaqələr üzrə katibi İlhamə Qasımzadə “Avropa Könüllülük Xidməti” Proqramının koordinatorları üçün təşkil olunan təlimdə iştirak edib. Təlim İtaliyanın paytaxtı Roma şəhərində Erasmus+ Milli Agentliyi və “SALTO-Youth” Resurs Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilib. Təlimdə 19 ölkədən 25 koordinator iştirak edib. ARGTMŞ-nin İctimaiyyətlə əlaqələr üzrə katibliyindən ucnoqta.az-a verilən məlumata görə, təlimin məqsədi “Avropa Könüllülük Xidməti” çərçivəsində keçirilən layihələrinin keyfiyyətini artırmaq və koordinatorların fəaliyyətini intensivləşdirmək üçün onları nəzəri və praktiki cəhətdən məlumatlandırmaqdır. 

Təlim zamanı iştirakçılara “Avropa Könüllülük Xidməti”nin əsasları, könüllülərin seçilməsi və idarə olunması, öyrənmə və öyrətmə metodları haqqında ətraflı məlumat verilib.  Bundan başqa, müxtəlif ölkələrdən bir araya gələn koordinatorlar öz təcrübələrini bölüşərək gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. 
“Avropa Könüllülük Xidməti” 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş “Erasmus+” Proqramının əsas istiqamətlərindən biridir. “Avropa Könüllülük Xidməti” 18-30 yaşlı gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat  “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasından keçməlidir. ARGTMŞ ilk dəfə 2013-2016-cı illər üçün akreditasiyadan keçmişdir. Həmin ildən ARGTMŞ tərəfindən yaradılmış “Avropa Könüllülük Xidməti”nin Azərbaycan modeli olan “Azərbaycan Könüllülük Xidməti” Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Daha sonra Gənclər Təşkilatları Milli Şurası yenidən “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib. Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin “Avropa Könüllülük Xidməti”ndə iştirakını təmin etməkdə davam edir.  


Xəbər xətti