Gənclər Təşkilatları Milli Şurası Vergilər Nazirliyi ilə birlikdə məlumat turu təşkil edib

13:13 - 26 Oktyabr 2016 - Xəbər

25 oktyabr 2016-cı il tarixində Gənclər Təşkilatlarl Milli Şurasının təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birgə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının iştirakı ilə məlumat turu keçirilib. Məlumat turunda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva, vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Mahir Rəfiyev, Milli Şuranın sədri Seymur Hüseynov və 11 gənclər təşkilatlarının rəhbərləri iştirak edib.
Məlumat turu zamanı Vergilər Nazirliyində rəhbər şəxslərin və gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Vergilər Nazirliyinin "Vergi Dostları" şəbəkəsi haqqında danışılıb və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra ölkədə gənc sahibkarlara vergi ödəmələrindən azadolma kimi vergi güzəştləri, həmçinin kənd təsərrüfatı sahəsində çalışan müəssisələrin vergitutma sistemini yüngülləşdirmək məsələləri gündəmə gəlib. Məlumat turu çərçivəsində gənclərə Azərbaycan Respublikasında Vergi sisteminin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, vergi miqdarının təyin edilməsi, vergidən yayınma halları ilə bağlı ödənilən cərimələr haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, iştirakçılar Nazirliyinin inzibati binası, çağrı və xidmət mərkəzi ilə yaxından tanış olublar. 
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında gənclər təşkilatlarının təşəbbüsünə dövlət qurumlarının dəstək göstərməsinin təqdirə layiq olduğunu söyləyib. Bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi üçün belə bir tədbirlərin keçirilməsi əsas amillərdən biri olmalıdır. 
Azərbaycan prezidenti İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamına əsasən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, elektron auditin tətbiq dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinin maarifləndirilməsi və digər xidmətlərin təmin olunması kimi dəyişikliklər edilmişdir. Vergi Məcəlləsində olan islahatlar əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırılması və həmçinin antikorrupsiya tədbirlərinin möhkəmləndirilməsi kimi qiymətləndirilir. Ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsinin formalaşmasında Vergi Xidməti orqanlarının rolu günbəgün artır.
ARGTMŞ-ın məlumat turlarını keçirməsində əsas məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığını və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarına məlumat turları təşkil olunub. 


Xəbər xətti