ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb

10:01 - 26 Oktyabr 2016 - SİYASƏT

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

"Görüşlər zamanı tərəflər yerlərdə vəziyyətin nisbətən sakit oduğunu təsdiq edib" - vasitəçilər vurğulayıb.

Həmsədrlərin bəyanatında, həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı dövlət başçılarının da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini təsdiq etdikləri və bu məsələylə bağlı detalların hələ müzakirə olunduğu bildirilib.

"Həmsədrlər dekabrda Hamburqda keçiriləcək Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclası çərçivəsində ilk fürsətdə prezidentlərin görüşünün təşkil edilməsinin mümkünlüyünü müzakirə etmək məqsədilə nazirlərlə görüşməyi planlaşdırır. Yüksək səviyyədə belə dialoq nizamlanma prosesində irəliləyişə nail olmaq üçün zəruridir", - bəyanatda vurğulanıb.

Regiona səfər çərçivəsində vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb. Görüş zamanı Komitənin münaqişənin gedişində itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə işi müzakirə edilib.

Xəbər xətti