Politoloq: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni icra mexanizmi hazırlanmalıdır

15:17 - 25 Oktyabr 2016 - SİYASƏT

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni icra mexanizmi hazırlanmalıdır. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib. A.Nağıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı ən obyektiv mövqeyi Prezident İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində açıqladı: “Prezdient Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli şəkildə həyata keçirilməsinə Azərbaycan tərəfinin razı olduğunu və hətta o mərhələnin sonunda Dağlıq Qarabağın statusuna qayıdaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində müəyyən statusun verilməsi haqqında bəyanatla çıxış etdi. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri deklarativ bəyanatlar verməklə missiyalarını bitmiş hesab edirlər. Burada əsas problem ondan ibarətdir ki, Ermənistana təsir mexanizmi yoxdur”.

Politoloq qeyd edib ki, baxmayaraq ki, Minsk qrupu BMT-nin patronajlığı altında çıxış edir, Ermənistana qarşı hər hansı sanksiya tətbiq olunmur və deklarativ açıqlamalardan o tərəfə bir addım atılmır:

“ATƏT-in Minsk qrupuna üzv olan 11 dövlətin hələ indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi bəyanatı səslənməyib. Bu gün Azərbaycan bütün beynəlxalq hüquq və normalara əməl edərək öz ərazi bütövlüyü çərçivəsində, yəni işğalçıların ərazilərimizi tərk etməsi şəraitində ermənilərlə status məsələsi ilə bağlı müzakirələr aparmağa hazırdır. Təəssüf ki, Ermənistan bütün bunları rədd edir, eyni zamanda Dağlıq Qarabağ ərazisindəki separatçı qüvvələrə status kimi bir müstəqillik söz verib. Bu isə təbii ki, alına bilməz. Bu səbəblərdən münaqişənin həllində problemlər yaranır. Ermənilər isə bu situasiyadan istifadə edirək bir sıra siyasi gedişlər edirlər. Qeyd edilən məsələlər nəzərə alınaraq Dağlıq Qarabağ münaqişəsinin həllində müvafiq addımlar atılmalı, beynəlxalq təşkilatlar, maraqlı dövlətlər öz sözlərini deməlidirlər, Minsk qrupunun həmsədrləri isə problemə daha ciddi yanaşmalıdırlar. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı icra mexanizmi yenidən işlənməlidir”.

Ermənistanın uzaqvuran raketlər alması barədə yayılan məlumatlara münasibət bildirən A.Nağıyev qeyd edib ki, Ermənistan iqtisadiyyatı o qədər inkişaf etməyib ki, “İsgəndər” və ya digər uzaqvuran raketlər almağa vəsaiti olsun: “Bunların hamısı sadəcə, guya güc nümayiş etdirmək cəhdidir və bu da o deməkdir ki, Ermənistan danışıqlar masasına əyləşmək istəmir. Sarkisyan eyni zamanda, siyasi manevrlər etməklə öz hakimiyyətinin ömrünü uzatmaqla məşğuldur. Buna görə də münaqişənin həlli istiqamətində səylər gücləndirilməlidir”.

Xəbər xətti