Knesset üzvü: "İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır"

13:09 - 25 Oktyabr 2016 - SİYASƏT

"İsrail və Azərbaycan arasında bu gün çox yaxşı, isti əlaqələr var. Azərbaycana ilk səfərim zamanı bunun şahidi oldum. Bu, yəhudilərə olan münasibəti göstərir və bu, çox vacibdir. Bunu görürük və dəyər verməyi də bacarırıq". Bunu Təl-Əvivdə "Report"un müxbirinə açıqlamasında Knessetin deputatı, "Yeş Atid" partiyasının üzvü Yoel Razvozov deyib. "Müzakirə və əməkdaşlıq edə biləcəyimiz bir çox sahələr var", - deyə, o bildirib. Deputat İsrail və Azərbaycanın idman sahəsində uğurla əməkdaşlıq edə və təcrübə mübadiləsi həyata keçirə biləcəklərini düşünür. Y.Razvozov əlavə edib ki, iki ölkə neft- qaz sahəsindən başqa, həm də kənd təsərrüfatı sektorunda əməkdaşlıq edə bilər. "Azərbaycan bizim üçün çox əhəmiyyətlidir", - deyə, deputat vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışan Knessetin üzvü İsrailin həmişə qan axıdılmasının əleyhinə, məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Bununla yanaşı, Y.Razvozov İsrailin beynəlxalq münaqişələrlə bağlı məsələlərdə həmişə neytrallığı qoruduğunu qeyd edib və misal kimi Ukrayna-Rusiya münaqişəsini göstərib.

Qondarma "erməni soyqırımı" məsələsinin bir neçə dəfə Knesset komitəsində müzakirəyə çıxarılması barədə danışan deputat bu məsələnin gündəmdə olmadığını və heç olmayacağını söyləyib: "Göstərməyə fakt olmasını xoşlayıram. Qoy qondarma soyqırımı məsələsi ilə tarixçilər məşğul olsun. Azərbaycan bizim dostumuzdur. Xocalı ilə bağlı sərgidə iştirak etmişdim. Həmin şəkillərə baxmaq çox ağrılı idi". 

Xəbər xətti