Azərbaycan XİN Fransadan olan həmsədrin dəyişdirilməsinə münasibət bildirib

15:58 - 21 Oktyabr 2016 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.  XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq Fransadan olan əvvəlki həmsədr Pier Andrüyə gələcək fəaliyyətində uğurlar arzuladığını deyib: "Yeni həmsədr Stefan Viskonti ilə digər həmsədrlə birlikdə münaqişənin tezliklə həlli istiqamətində konstruktiv əsasda əməkdaşlığa və birgə işləməyə hazırıq. Amma instutusional olaraq ATƏT Minsk Qrupunun həmsədrlərindən gözləntimiz mandatına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həllinin təmin olunmasıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il ATƏT sənədinə uyğun olaraq onların mandatının əsasını da məhz bu sənədlər təşkil edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb.

Azərbaycan Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə həllinə hazırlığını dəfələrlə bəyan edib".

Xəbər xətti